Xəbər verdiyimiz kimi, Ukraynanın “Metallurq” (Zaporojye) klubunun müdafiəçisi, əslən azərbaycanlı olan Pavel Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmiş, bununla əlaqədar AFFA-nın sorğusuna cavab olaraq Ukrayna Futbol Federasiyası bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.
Newsport.az-ın məlumatına görə, AFFA onun müvafiq qaydalara uyğun olaraq Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FIFA-ya müraciət ünvanlamışdı. Artıq FIFA müraciəti cavablandırıb. FIFA-nın Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Pavel Paşayevin FIFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.