"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov "Neftçi" ilə matçdan sonra Newsport.az-a müsahibə verib:
- Oyun haqda fikirləriniz necədi?
- Ağır oyun oldu. Hər halda layiqli qələbə qazandığımızı düşünürəm.
- Demək olar ki, bu avrokubok şanslarınızı artırdı?
- Əlbəttə, artırdı. Bu birmənalıdı.
- "Qəbələ" bu cür çıxış etsə, üçüncü yeri tuta bilər?
- Biz öz oyunumuzu oynayırıq, komanda öz işini görür. Bundan sonra da qələbələr qazanmaq lazımdı. İndi hər şey öz əlimizdə deyil. "Neftçi"dən çox şey asılıd. Gərək onlar xal itirsin ki, biz onları keçə bilək. Hər halda biz öz oyunumuzu oynamalıyıq. Çalışacağıq ki, qarşıdakı bütün oyunlarda qələbə qazanaq.
- Komanda avrokuboka çıxmaq məsələsini 50 faiz həll edib.
- İndidən danışmaq olmaz. Hələ qarşıda oyunlar var. Amma hardasa cədvəldə belə görünür.
- Yayda avrokubokda çıxışınız zamanı biabırçılıq yaşanmışdı. Bu dəfə Avropa Liqasına çıxacağınız təqdirdə, nə gözləyə bilər komandanı?
- Düşünürəm ki, bu dəfə olmaz. Bu cür oyunla uğursuzluq yaşamarıqı.
- Dəyişiklik olacaq?
- Yəqin ki.
- Müsahibələrinizin birində demisiz ki, komanda qələbə qazansa da, hələ tam razı deyilsiz...
- Yavaş-yavaş qalxırıq. "Simurq"la oyundan fərqli bu dəfə daha yaxşı oynadıq. Bu cür davam etsək, istədiyimiz oyunu tapacağıq.
- Demək olar ki, kubokdan kənarlaşmağınız lehinizə işlədi?
- Elə deməzdim. Ehtiyatımızı elə də güclü deyil ki, hər iki cəbhədə oynayaq. Hər halda "Simurq"la matçlarda bəxtimiz gətirmədi. Xeyirlisi olsun.