"Biz ağır oyuna çıxmışdıq. Kubokdan əlini üzən "Qəbələ" bütün fikrini çempionata yönəldib. Biz isə həm çempionatda, həm də kubokda mübarizə aparırıq. Görünür ki, sıx qrafik oyunçularda yorğunluğa səbəb olub. Zədəli oyunçuların olması da oyunumuza təsir etdi".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib. Təcrübəli mütəxəssis Premyer Liqanın XXX turunda "Qəbələ"yə məğlubiyyəti şərh edib:
"Hazırda bütün diqqətimizi kuboka yönəltmişik və bu matça hazırlaşmalıyıq. Komandam ikinci hissəyə yaxşı başladı. Lakin rəqibin vurduğu ikinci qol çox şeyi həll etdi. Hakimlikdən danışmaq istəmirəm. Səhv etmirəmsə, ikinci qolda Cavid Hüseynov əl ilə oynamışdı. Eyni zamanda, oyunçular ədalətli oyun prinsipinə də əməl edə bilərdilər. Necə ki biz bəzi epizodlarda bunu etdik".