Azərbaycan kubokunun final oyunu Qəbələdə keçirilə bilər.
Newsport.az-ın məlumatına görə, bunu "Qəbələ" klubunun qəzetinə açıqlamasında Ramin Musayev deyib.Qurum rəhbəri yekun qərar üçün finalçıların müəyyənləşməsini gözləyir. Musayevin fikrincə, kubokun həlledici görüşünün Qəbələdə keçirilməsi üçün istənilən şərait var:
"Finala hansı komandaların çıxacağını bilmək vacibdir. Çünki final matçının məkanı iştirakçılardan asılı olaraq seçiləcək. Sözsüz ki, oyun Tofiq Bəhramov adına Respublika stadionunda olmayacaq. Matçın Qəbələdə keçirilməsi mümkündür. Finalçılar bəlli olduqdan sonra qərar veriləcək. Finalın Qəbələdə keçirilməsi çox yaxşı olardı. Çünki həmin bölgədə futbol da var, qızğın azarkeşlər də".
PFL rəsmisi bu yay Bakıda təşkil olunacaq I Avropa Oyunları ilə əlaqədar final tarixinin bir qədər irəli çəkiləcəyini də istisna etməyib: "Həmin gün dövlət əhəmiyyətli tədbir olarsa, tarixin irəli çəkilməsi mümkündür. Final matçının iyunun 3-də keçirilməsi millimizin sabiq baş məşqçisi Berti Foqtsun təklifinə görə olmuşdu. Çünki çempionatımızın təqvimi millimizin hazırlıq planı və oyun günləri nəzərə alınmaqla tutulmuşdu".