“Telekanallarda heç nə yerində deyil”.
Newsport.az-ın məlumatına görə, bu sözlər “Neftçi” klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevə məxsusdu.
Ölkə kubokunun “İnter”lə ilk yarımfinal matçının fasiləsi zamanı jurnalistlərin suallarını cavablandıran Abdullayev telekanallardan narazı qaldığını bildirib. Onun sözlərinə görə, televiziyalar idmanı, futbolu təbliğ eləməlidirlər:
“Səhərdən axşama musiqi çalınır, oynayırlar, yoğun arvadlar bişirib-yeyirlər. Bir dəfə də telekanallarda normal kitabın təbliğatını görməmişəm. Ancaq şou-biznesi, restoranları reklam edirlər. Olsun, biz də restoranlara gedirik. Amma normal şeyləri də təbliğ eləsinlər. Heç olmasa, idmanı, futbolu reklam eləsinlər. Baş nazirin müavini mənə zəng edib deyir ki, necə olur, televiziyada "Neftçi"ni görə bilmirəm? Bilmədim ona nə deyim. Bu vəziyyəti dəyişməliyik. Ermənilər o tərəfdən baxırlar ki, torpaqları işğal altında olan bizimkilər elə bütün günü yeyib-içirlər, bişirib yeyirlər. Baxırlar ki, bizimkilər torpaq almaq barədə düşünmürlər. Elə ancaq bişirib yeməklə məşğuluq. Baxırlar ki, dünya bunların vecinə deyil, ancaq yeyirlər. Onlar da buna baxırlar, axırda ürəkləri partlayacaq”.