"Hava şəraiti yaxşı olmadığı üçün istədiyimiz oyunu sərgiləyə bilmədik. Əsas məqsədimiz səfər matçında qol buraxmadan yaxşı nəticə əldə etmək idi. 1:0 hesabı ilə olsa belə qələbə qazandığımız üçün sevinirik".
Bu sözləri Newsport.az-a "Qarabağ"ın futbolçusu İlqar Qurbanov Azərbaycan kubokunun yarımfinalında "Simurq"a 1:0 hesabı ilə qalib gəldikləri ilk matçdan sonra deyib.
Rəqibin çox yaxşı mübarizə apardığını söyləyən 28 yaşlı oyunçu süni meydanda oynamağın çətin olduğunu vurğulayıb:
"Çünki topla hərəkət etdiyin zaman ot örtüyündən fərqli olaraq yorulursan. Bu matçı unudub növbəti oyunlara baxmalıyıq. Hələ qarşıda “Simurq”la ardıcıl iki oyunumuz var. Hər iki səfər görüşünün çətin keçəcəyini düşünürəm.“Simurq” yaxşı komandadır, fiziki cəhətdən də güclüdürlər. Uzun və hava toplarında yaxşı oynayırlar".