Qurban Qurbanov gələn mövsümdə də "Qarabağ"ı çalışdıracaq.
Newsport.az-ın məlumatına görə, o, Türkiyə Superliqasına vəsiqə qazanan "Hatayspor"un təklifini geri çevirib.
Türkiyə təmsilçisi 48 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək üçün danışıqlar aparsa da, sonda istəyinə çatmayıb.
Klub rəhbərliyi səviyyəsində Q.Qurbanovla danışıqlar son günlər daha da gücləndirilmişdi.
"Hatayspor" 2019/20 mövsümündə Türkiyə birinci liqasında çempionluğu rəsmiləşdirib və superliqaya vəsiqə qazanıb. Komandanın hazırkı baş məşqçisi Mehmet Altıparmakdır. Amma klubun onunla yolları ayırmaq istədiyi bildirlir.
Bu, Super Liqa səviyyəsində son 20 ildə Azərbaycan məşqçilərinə ilk müraciət idi. Türkiyənin yüksək elitasında klub çalışdıran sonuncu həmyerlimiz Ruslan Abdullayev olub. O, 2000-ci illərin əvvəlində "Erzurumspor"un sükanı arxasına keçib və səfərdə "Qalatasaray"a 0:7 hesablı məğlubiyyətdən sonra istefa verib.
Qurban Qurbanov 13 ildir çalışdığı «Qarabağ»ı yarı yolda buraxıb getməyi özünə sığışdırmayıb. Baxmayaraq ki, Super Liqanın debütantı ona uzunmüəddtli müqavilə və illik olaraq 500 min avronun üstündə maaş təklif edib.
Lakin təcrübəli mütəxəssis «Klubumun rəhbərliyi mənə həmişə dəstək olub. Mən bunu heç vaxt itirə bilmərəm. Onlar «get» deməyənədək, burada qalıb işimi davam etdirəcəm» söyləyib.