Xəbər verdiyimiz kimi, "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl bu gün mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, jurnalistlərin dəvət olunduğu tədbirdə "Qarabağ"ı dünya ictimaiyyətinə yaxından tanıdan amerikalı araşdırmaçı-yazar Tomas Qoltz da iştirak edib. Tədbiri giriş sözü ilə açan Gözəl öncə sözügedən jurnalistin "Qarabağ"ı dünyaya tanıtmaq üçün gördüyü işlərdən danışıb:
"Qarabağ" Azərbaycanda ən uğurlu çıxış edən klubdu. Bu adı dünyaya tanıtmaqda yanımızda dotlarımız oldu. Onlardan biri də Tomas Qoltzdu. Bir də azərbaycanlı jurnalist Şakir müəllim".
Tahir Gözəl çıxışını bitirdikdən sonra amerikalı qonağa diplom, üzərində jurnalistin adı və Ağdamın seriya nömrəsi (02) olan "Qarabağ"ın formasını təqdim edib.
Son günlər ölkə gündəmini məşğul edən manat devalvasiyası haqda da danışan Gözəl bunun "Qarabağ"a təsir etmədiyini bildirib: "Bunun bizə təsiri oldu. Amma "Qarabağ"a heç bir təsir etməyəcək. "Azersun"un Avropaya ixracatı var, amma azdı. Şirkətə müəyyən qədər təsir etdi,amma komandaya yox. "Qarabağ" qədər tanındı, brendə çevrildi ki, baş verənlər klubun büdcəsinə təsir etmədi. "Qarabağ"ın Azərbaycanda bənzəri yoxdu. Komanda bu qədər uğur qazandıqdan sonra onun büdcəsini azaltmaq olmaz. "Azersun"un əsas gücü ölkə daxilində olduğu üçün devalvasiya bizə elə də təsir etmədi. Məsələn, bizim 15 şirkətimiz zərər gördüsə, 15-i bundan xeyir gördü. Ona görə balans qorundu".
"Neftçi"dəki sistem dəyişikliyinə də münasibət bildirən Gözəl "Qarabağ"da Müşahidə Şurasının yaradılmayacağını söyləyib: "Neftçi"də sistem dəyişib. Onlara uğurlar arzu edirik. İndiki şəxslər çox uğurlu insanlardılar. Çingiz müəllim də yaxşı insandı. Mən həmişə istəmişəm ki, ki, "Neftçi" yaxşı səviyyədə olsun. Tahir Gözəi tanıyanlar bilir ki, mənim üçün bütün liqa oyunları bir yana, "Neftçi"nin oyunu bir yana. "Qarabağ" - "Neftçi" oyunu şirlərin savaşıdı. "Bizdə Müşahidə Şurası yaradılmayacaq. Çünki biz öz sistemimizdən məmnunuq. Biz bir ailəyik. İşlərimiz də yaxşı gedir. Qurduğumuz sistemdən razıyıq və dəyişmək fikrimiz yoxdu".