“Qarabağ”ın yeni transferi Dani Quintana bu gün Azərbaycanın U-21 millisi ilə yoxlama görüşündə ilk dəfə komandasının heyətində meydana çıxıb. Matç Ağdam təmsilçisinin 3-2 hesablı qələbəsi ilə başa çatıb. Qollardan birini Dani vurub.
Matçdan sonra o,Newsport.az saytına müsahibə verib.
- Uzun müddətdir oynamıram. Komanda yoldaşlarımı tanımaq baxımından bu matçda çıxış etmək mənim üçün önəmli idi. Qol vurmaq vacib deyil. Əsas olan klubumun yaxşı oyun sərgiləməsidir.
- Komandaya uyğunlaşmaqda problemlərin oldu.
- Bu, normaldır. Çünki qeyd etdiyim kimi, çoxdandır futbol oynamıram. Hələ də adaptasiya dövründəyəm. Komanda yoldaşlarımla tanışlıq üçün belə oyunlar çox əhəmiyyətlidir. “Qarabağ”ın oyun fəlsəfəsini anlamaq baxımından da yaxşı fürsət idi.
- Azərbaycan futboluna ümumi olaraq necə qiymət verərdin?
- Digər klublarınız haqqında məlumatım yoxdur. Ona görə də hələ heç nə söyləyə bilmərəm. “Qarabağ”la bağlı onu söyləyə bilərəm ki, yüksək səviyyəli komandadır. Bu klubla uğur qazanmaq olar.
- Mövsümün sonuna kimi rəsmi oyunlarda meydana çıxa bilməyəcəksən. Bu, formanı bərpa etməyinə problem yaradacaqmı?
- Hazırkı vəziyyət yaxşı hal deyil. Amma heç olmasa hazırlıq oyunlarından istifadə edib çalışacam ki, formamı bərpa edim.
- “Qarabağ” azarkeşləri sənin oyununu böyük ümidlə gözləyir.
- Hamı bilsin ki, mən bu klubun uğurları üçün burdayam. Əlimdən gələni edəcəyəm ki, hər zaman özümü yaxşı tərəfdən göstərə bilim.
- Azərbaycanda gözlədiyindən fərqli nə ilə qarşılaşdın?
- Hər şey düşündüyüm kimi oldu. Komandamın bazası da çox gözəldir. Heç Ərəbistanda da belə bir baza görməmişdim. Hər şey yüksək səviyyədədir.
- Qurban Qurbanovun futbol təfəkkürü haqda nə deyə bilərsən?
- Ümumi olaraq futbol anlayışımız baş məşqçimizlə eynidir. Fikirimcə, elə bu səbəbdən mən bu komadaya transfer olunmuşam.
Mərdan Həsənov