Azərbaycan milli komandasının yarımmüdafiəçisi Mahir Şükürov "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları Malta ilə oyunöncəsi Newsport.az-a müsahibə verib:
-Hazırlıq necə gedir?
-Srağagündən komandaya qoşulmuşam. Dünəndən məşqə çıxmışıq. Ab-hava yaxşıdı, qarşıda bizi çətin oyun gözləyir. Ona görə də var gücümüzlə hazırlaşırıq. Məşqçimiz də yenidi. Ondan nəsə öyrənməyə çalışırıq. İnşallah mənə elə gəlir ki, birinci oyun uğurlu olar. Maltanı evdə məğlub edəndən sonra o biri oyunları fikirləşirik.
-Şəxsi fikrin nədi, biz Maltaya qalib gələ bilərik?
-Maltaya qalib gəlməliyik. Amma bugünki gündə məsələyə real yanaşsaq futbolda sürprizlər çox olur. Eyforiyaya qapılsaq xal itirə bilərik. Bu oyuna ciddi yanaşmaq lazımdı. Öz oyunumuzu oynasaq üç xalı qazana bilərik.
-Yəqin bilirsən ki, azarkeşlərimiz qələbədən başqa heç bir nəticəni qəbul etməyəcək...
-Biz də bunu bilirik. Ona görə də qalib gəlib azarkeşlərimizi stadiona qaytaraq. Neçə oyundu ki, uduzmuşuq. Azarkeşlər bizdən inciyib.
-Malta haqda hansı fikirdəsən?
-Bu gün Gürcüstan millisi ilə oynayırlar. Sabah baş məşqçimiz bizə rəqib haqda məlumat verəcək. Yoxlama görüşündə evdə onları udmuşuq. Buna baxmayaraq artıq üstündən neçə il keçib. Maltada da dəyişilib. Bir neçə oyunçunu milliləşdiriblər. Ona görə də sabah hər şey bilinəcək.
-Berti Foqtsla Prosineçkinin oyun fəlsəfəsi arasında hansı fərqlər var?
- Foqts adətən müdafiən başlamağa üstünlük verir. Prosineçki ilə tsikl oyunu oynamamışıq. Məşqlərdə görürük ki, hücumameyilli futbol oynatmaq istəyir.
-Xəbərlər yayılıb ki, Prosineçki futbolçualra Gürcüstan- Malta oyununa baxmağa qadağa qoyub. Bu doğrudu?
-Bizə dedi ki, özüm baxıb analiz edəcəm və sizə Malta millisininü üzvləri haqda məlumat verəcəm. Oyuna baxmayacağıq, sadəcə bizimlə təhlil edəcəyik.
-Oyuna tam hazırsan? Durumun necədi?
-Bir az dizimdə ağrı var idi. Axırıncı oyunu oynamışam. Baş məşqçi buraxsa, çıxıb oynayacam.