AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Newsport.az saytının məlumatına görə, komitə aşağı yaş qrupu üzrə liqalardakı qeyri-etik davranışları cəzasız qoymayıb.
U-12 Liqasının “Ağsu” – “Təhsil” (Saatlı) oyununda “Təhsil”in məşqçisi Mənəf Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə və fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.
Region Liqasının “Ərkivan” – “Alyans” görüşündə birincilərin futbolçusu Telman Sağıyev aqressiv davranışa - hakimi vurmağa cəhd göstərdiyinə və hakimlərin ünvanına təhqiramiz ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb. Qarşılaşma başa çatdıqdan sonra “Ərkivan”ın digər oyunçusu Hilal Məmmədov hakimə qarşı təhqiredici ifadələr işlədib və o da 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Region Liqasının “Arpaçay” – “Kəngərli” matçında ikincilərin baş məşqçisi Fuad Həsənov hakimlər briqadasına qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.
Region Liqasının Naxçıvan Dövlət Universiteti – “Sədərək” oyununda “Sədərək”in futbolçusu Yusif Fərzəliyev hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.
Gənclər Liqasının “Sabah” – “Qarabağ” matçında hakimə qarşı təhqiredici ifadələr işlədən “Qarabağ”ın baş məşqçisi Samir Musayev isə növbəti 5 matçı tribunadan izləməli olacaq.