"Bakı”nın gənc futbolçusu Mahir Mədətovun Almaniyanın "Ayntraxt” klubunun maraq dairəsində olmasıyla bağlı xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, Mahir bu məsələylə bağlı "goal.az"a açıqlama verib:
"Məni almanlara U-19 millimizin baş məşqçisi Nikolay Adam məsləhət görüb. Səhv etmirəmsə, belə olub. Onlar da oyunuma baxıblar, amma yenidən izləyəcəklər. Millimizin martın 14-dən 22-nə kimi Almaniyada təlim məşq toplanışı olacaq. Seleksiyaçılar orda məni izləyəcək. Daha sonra isə 24-dən 28-nə kimi Fransada keçiriləcək Avropa çempionatının elit-raundunun oyunlarına da gələcəklər. Danimarka, İngiltərə və Portuqaliyaya qarşı oyunlaımıza baxacaqlar. Məhz bundan sonra yekun qərar veriləcək. Mən çox istərdim ki, belə bir komandaya keçim. İnanıram ki, Almaniyaya gedəsi olsam "Bakı" da keçidimə problem yaratmayacaq. Çünki bütün klublar xaricə gedən gənc oyunçularına nəinki problem yaradır, əksinə, dəstək olurlar. Azərbaycanda hələ ki, başqa komandaya keçmək fikrim yoxdur. Niyyətim ancaq ölkə xaricində oynamaqdır".