"Qarabağ"ın legioneri Aylton Silva Premyer Liqanın III turunda "Səbail"i 4:0 hesabıyla məğlub etdikləri matçdan sonra müsahibə verib. Newsport.az xəbər verir ki, braziliyalı sol cinah müdafiəçisi son tura qədər şərikli lider olduqları komandanı darmadağın etmələrindən danışıb.
- Belə asan qələbə gözləyirdiniz?
- Bilirdik ki, rəqib yaxşı formadadı, uğurlu dönəmi idi. Meydana çıxaraq istədiyimizi reallaşdırmağa çalışdıq. Qollar da gəldi.
- Hazırda milli komandaların oyunlarına görə iki həftəlik fasilə yaranır. "Qarabağ" da yaxşı formadadı, oyununu tapıb, qələbələri sıralayır. Belə olan halda, fasilə komandanıza mənfi təsir göstərməz ki?
- Yox. Əksinə, daha müsbət təsir edəcək. Fasilə yaranacaq, daha çox işləyəcəyik. Çalışmağa kifayət qədər vaxt olacaq, çünki 2-3 gündən bir oyunlarımız olurdu. Bu üzdən çox işləməyə vaxt olmur.
- Avropa Liqasının qrup mərhələsinin püşkünü necə dəyərləndirərdin?
- Yaxşı komandamız var. İlk növbədə bu, qeyd olunmalıdı. Püşkü də hardasa uğurlu saymaq olar. Sadəcə, hər şey istədiyimiz kimi olsa, qrupdan çıxa bilərik.
- Bəs, Premyer Liqada çempionluq mübarizəsində əsas rəqib kimdi?
- Hər hansı rəqib haqda danışmaq istəməzdim. Yaxşı olar ki, öz komandamız haqda danışaq. Oyundan oyuna udub hədəflərimizə doğru gedəcəyik.