AFFA-nın baş katibi Elxan Məmmədovun mətbuata verdiyi son açıqlama geniş müzakirələrə yol açıb. Baş katib jurnalistlərlə söhbətində Azərbaycan futbolundakı bir çox problemləri etiraf edib. Məmmədov futbolumuzda oyun alqı-satqısının olduğunu vurğulayıb, "İnter"lə "Simurq"un "qardaşlıq" münasibətlərindən danışıb. Birinci divizionda Premyer Liqada çıxış etməyə qadir olan komandanın olmadığını bildirib.
"Ağır silahlar"ın zamanı gəldi
Baş katibin ictimailəşdirdiyi problemlərin hamısının baiskarı kimi AFFA prezidenti Rövnəq Abdullayev görünür. Bu məsələlərə ayrı-ayrılıqda toxunacağıq. Əvvəlcə onu qeyd edək ki, Məmmədovun açıqlaması Azərbaycan futbolundakı qruplaşmaların mübarizəsinin təzahürüdü. Bu mübarizənin isə son mərhələyə qədəm qoyduğu şəksizdi. İndiyə qədər AFFA prezidenti Rövnəq Abdullayevlə qurumun vitse-prezidenti Elşad Nəsirov arasında gedən mübarizədə ancaq kiçik çaplı "silahlar"dan istifadə olunurdu. Elşad Nəsirovun sağ əli sayılan Məmmədovun bu problemləri qabartması "ağır silahlar"ın işə salındığının göstəricisidi. Ağır silahlardan isə həmişə hücumdan əvvəl istifadə olunur.
Niyə UEFA-nın sorğusu yox, Tovuzdakı oyun?
İndi isə keçək detallara. Elxan Məmmədov oyun alqı-satqısından danışarkən Tovuzda keçirilən "Turan" - "Neftçi" qarşılaşmasını misal çəkib. Təbii ki, bu təsadüf deyil. Çünki hər iki komanda birbaşa Rövnəq Abdullayevin nəzarətindədi. "Neftçi"i SOCAR-dan maliyyələşir. Elə Tovuz klubu da PFL-in prezidenti Ramin Musayevin himayəsindədi. Elxan Məmmədov oyun alqı-satqısından danışarkən UEFA-nın şübhəli qarşılaşmalarla bağlı quruma göndərdiyi sorğuya toxunmayıb. Tovuzda baş tutan qarşılaşma uzaq keçmişdə, UEFA-nın şübhələndiyi oyunlar isə dünən baş tutmuşdu. Burda da məqsəd ayındı. Vurğu birbaşa Rövnəq Abdullayevin üzərinə yönəldilib.
Abdullayevlə Hacıyevin "Şəfa"nı "qapazlaması"
Elə "İnter"lə "Simurq"un "qardaşlıq" məsələsi qabardılarkən də bu amil əsas götürülüb. Heç kimə sirr deyil ki, Rövnəq Abdullayevlə "İnter"in sahibi Cahangir Hacıyev olduqca yaxındılar. Məhz bu yaxınlıq Hacıyevə çempionatda iki komanda saxlamağa imkan verir. Məhz bu yaxınlıq sayəsində AFFA-ya məxsus olan "Şəfa" stadionu dəyər-dəyməzinə "İnter"ə satıldı. Yəni Cahangir Hacıyevin şəxsi mülkünə çevrildi. Əslində, Rövnəq Abdullayevin də bu alqı-satqı əməliyyatında payı olduğu şübhəsizdi. Onu da unutmayaq ki, məhz baş katib mətbuata "Şəfa"nın satış qiymətini açıqlamşdı, stadionun cəmi 4,5 milyon dollara satıldığını demişdi. Bazar qiymətlərinə görə isə "Şəfa"nın dəyəri qat-qat artıq idi. Təkcə stadionun yerləşdiyi ərazi satışa çıxarılsaydı, 100 milyon dollara alıcı tapmaq olardı. Hələ orda qurulan infrastrukturun qiyməti bir yana. Həmin vaxt baş katib stadionun satış qiymətini açıqlayarkən cəmiyyətin bu alış-verişə təpki göstərəcəyini düşünmüşdü. Çünki saxtakarlıq göz onündə id. Amma cəmiyyət susdu. Baş katib "İnter"lə "Simurq"un əlaqələrini qabardarkən, uzun illərdi Azərbaycan futbolunda tənqid olunan "qardaşlıq" məsələsinin də Rövnəq Abdullayevin razılığı ilə təşəkkül tapdığına işarə edib.
"Elitada artım" planı ifşa edildi
Bir müddət əvvəl PFL-in prezidenti Ramin Musayev növbəti ildən Premyer Liqada komandaların sayının artırılacağını bildirmişdi. Hətta elitaya hansı komandaların vəsiqə qazanacağı da mətbuata sızdırılmışdı. Elitaya gəlişi nəzərdə tutulan bütün komandalar Ramin Musayevin nəzarətindədi. Baş katib bildirib ki, hazırda birinci diviziondan elitaya gəlməyə layiq olan komanda yoxdu. Bunu təkcə baş katib yox, elə birinci diviziondakı komandaların maliyyə durumuna, infrastrukturuna nəzər yetirən sadə azarkeş də bilir. Rövnəq Abdullayev nəyin bahasına olursa olsun, elitada komandaların sayının artırılmasına cəhd edir. Abdullayevin qruplaşması iflic olmuş çempionata süni nəfəs vermək, bununla da onlara qarşı yönəlmiş tənqidlərin qarşısını qismən də olsa, almağa çalışır. Baş katib belə məqamda belə etiraf etməklə onların planlarını faş edib.
Nəsirov qarşı tərəfin cavabını gözləyir
Aydın görünür ki, qruplaşmalar arasında "müharibə" başlayıb. Elşad Nəsirovun cəbhəsi "ağır artilleriya"dan atəş açıb. İndi Rövnəq Abdullayevin cəbhəsi buna cavab verməlidi. Cavab verirlər də. Amma "ağır artilleriya" ilə yox, "dayandoldurum"la. Elxan Məmmədova Tovuz azarkeşləri etiraz edib. Təbii ki, Ramin Musayevin kadrı Namiq Məstanovun ssenarisi əsasında. Bir də "vurulmuş kadr", hazırda yararsız silah sayılan Tahir Süleymanov. Vəssalam.
Rövnəq Abdullayev "ağır silah"dan istifadə edəcəkmi? Ümumiyyətlə, onun belə silahı varmı? Vaxt isə daralır. Hadisələrin gedişi göstərir ki, ən geci Avropa oyunlarından sonra Azəbaycan futbolunda ciddi dəyişiklilkər olacaq. Güman ki, futbolumuzda Rövnəq Abdullayev dönəmi başa çatır. Amma bu prosesi yekunlaşdırmaq üçün yəqin ki, əvvəlcə Ramin Musayev və Sadıq Sadıqov futbol təsərrüfatından uzaqlaşdırılacaq. Sonrası isə asandı. Ardınca Rövnəq Abdullayevi təslim olmağa vadar etmək o qədər də çətin olmayacaq. Elşad Nəsirovun şəksiz üstünlüyü hiss olunur. Vitse-prezident "ağır silah"dan atəş açıb. İndi qarşı tərəfin cavabını gözləyir. Müharibədə ağır silahlar işini gördükdən sonra səngərdən çıxırlar. Hücuma keçmək üçün.
Komanda.az