"Əsas camaatımız, xalqımız rahat yaşasın"-Qara Qarayev

2015-ci il fevralın 21-də Azərbaycan manatının ABŞ dolları və avro da daxil olmaqla, bir çox xarici valyuta qarşısında kəskin ucuzlaşması ictimaiyyətdə müzakirə mövzusuna çevrilib. Bu durumdan sıravi vətəndaşların müəyyən çətinliklər çəkəcəyi heç kimdə şübhə doğurmur. Bəs görəsən, futbolçularımız hansı fikirdədi? Maaşı dollarla alan azərbaycanlı futbolçuların manatının ucuzlaşmasına münasibəti necədi? 
  
Ruslan Əmircanov, “Qəbələ”nin müdafiəçisi: “Bu, iqtisadi böhrandı. İndiki zamanda hər yerdə böhran var. Biz elə bir dövlətda yaşayırıq ki, bu, bizdə elə də çox bilinmir. Hazırda Bakıda deyiləm, İstanbuldayam. Buna görə də bu barədə yalnız internet vasitəsi ilə məlumat əldə edə bilirəm. Yəqin ki, dolların qalxmağı uzunmüddətli olmayacaq. Çünki aidiyyatı qurumların məsələyə müdaxilə edəcəyini düşünürəm. Yaxın günlərdə vəziyyətin əvvəlkinə qayıdacağına inanıram.  Düzdü, biz maaşı dollarla alırıq. Amma maaşı alan gün bankomata yaxınlaşıb pul çıxaranda görürsən ki, dollar yoxdu.  Bankomatlarda dollar tapılmır. Axır vaxtlar bankomatdan maaşımı manatla çıxardıram”. 

Qara Qarayev, “Qarabağ” yarımmüdafiəçi: “Allah xalqımızın köməyi olsun. Görəsən, dollar qalxmamışdan əvvəl çətinliklə dolanan ailələrin vəziyyəti indi necə olacaq? Mən sadəcə, bunu fikirləşirəm. Suni qiymət artımı da bir tərəfdən camaatı lap pis vəziyyətə salacaq. Yəqin ki, tez bir zamanda buna çarə tapılar. Nəzərə alaq ki, Azərbaycanda futbolçu azdı. Qərar dəyişsin, durum bizim xeyirimizə olmasa, da olar. Əsas camaatımız, xalqımız rahat yaşasın. Əsas millətimizin, kasıb ailələrin dolanışığı yaxşı olsun. Məsələyə futbolçular tərəfdən baxmaq lazım deyil. Vallah, bu durumda mən özümü yox, xalqımızı fikirləşirəm ki, kasıb ailələr necə olacaq?”  

Aqil Məmmədov, “Neftçi”nin qapıçısı: ”Elə sual verdiniz ki. Vallah, nə deyim. Bu durum Azərbaycana pis təsir edə bilər. Çünki öz pul vahidinin qiyməti aşağı düşüb. Buna görə də istər-istəməz ölkəmizdən təsirsiz ötüşməyəcək. Bildiyim qədəri ilə bəzi şirkətlər də ziyana gedib. Düzü,  maaşı dollarla aldığımız üçün bu durum bizim xeyirimizədi. Ancaq bu durumun belə davam edəcəyini düşünmürəm. Yəqin ki, manatımızın qiyməti yenidən qalxacaq. Bunlar müvəqqəti olan şeylərdi".

Samir Zərgərov, “Simurq” yarımmüdafiəçisi: “Kim dollarla maaş alırdısa, onun üçün yaxşı olacaq. Belə baxanda, bu durum futbolçuların işinə yaradı. Mənə elə gəlir ki, dollar bundan sonra qalxmaz. Ola bilsin ki, qiyməti 1-2 manat qalxsın. Mənə sadəcə, bir şey maraqlıdı: görəsən, bankdan dollarla kredit alanların aqibəti necə olacaq?

Rəşad Abdullayev, AZAL-ın yarımmüdafiəçisi: “Bu durum, bəlkə də, sahibkarlara sərf etməz. Biz futbolçular müqavilədə hansı məbləğ yazılıbsa, onu da alırıq. Bizdə elə bir dəyişiklik yoxdu. Ərzaq mallarının qiymətləti qalxsa, bu, camaata çox pis təsir edəcək. Qiymətlərdə dəyişiklik olmasa, yaxşıdı. Futbol olan gündən maaşlar dollarla olub. Dollar düşəndə də, qalxanda da eyni maaşı alırdıq”.
 
Futbolinfo.az




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right