“İlk yarıda rəqib daha çox enerji sərf edirdi. Onlar meydanda aktiv idi və bunun nəticəsini qol vurmaqla gördülər”. Newsport.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının yarımfinalında “Ayaks”a 0:1 hesabı ilə uduzan “Tottenhem”in baş məşqçisi Mauritsio Poçettino deyib.
Argentinalı məşqçi komandasının ikinci hissədə daha yaxşı oynadığını bildirib: “Musa Sissoko oyuna daxil olduqdan sonra bir çox şey dəyişdi. Biz daha yaxşı oynamağa başladıq. İkinci yarıdakı kimi Amsterdamda da oynamalıyıq. Düzdür, bizə çətin olacaq, amma şansımız qalır”.
Poçettino matçı yarımçıq dayandıran Yan Vertongenin zədəsindən də danışıb: “Həkimlərimiz onu müayinə etdilər və zədəsinin ciddi olduğunu gördülər. Əvvəlcə özü oynamaq istədi. Amma sonradan yenə huşunu itirdi və meydançanın kənarına gəldi. Mənim futbolçularımın sağlamlığı hər şeydən önəmlidir. Buna daha çox diqqət ayırmalıyıq”.