Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qaradağ Lökbatan” – “Ağsu” matçında həm “Qaradağ Lökbatan”ın, həm də “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub. Oyunun 64-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Xəyal Əmirli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 240 manat cərimə olunub.
“Keşlə-2” – “Zirə-2” matçında “Keşlə-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Turan Tovuz” – “Şüvəlan” matçında “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 70-cı dəqiqəsində “Turan Tovuz”un futbolçusu Eltay Tağıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə olunub.