"Bu, "Neftçi" üçün ikiqat zərbədir" Ruslan Qurbanov

"Çox maraqlı qarşılaşma alındı. Stadiona gələnlər əsl futbol izlədilər. Hər iki komanda uduzmaq istəmirdi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Səbail"in hücumçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turunun "Neftçi" ilə oyunundan sonra jurnalistlərə açıqlamasında söyləyib. 2:2 hesablı heç-heçəni şərh edən futbolçu vacib 2 xal itirdiklərini bildirib:

"Neftçi" çempion olmaq, biz isə avrokuboka düşmək istəyirik. Gərgin oyun oldu. Təəssüf ki, 6-cı uzatma dəqiqəsində qol buraxdıq. Halbuki, baş hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə etmişdi. Hakimlik barədə danışmaq istəmirəm. Hamı hər şeyi gördü. "Neftçi" yaxşı komandadır, çempionluq uğrunda mübarizə aparır. Onlara uğur arzulayıram. İndi sıx qrafikləri var. Bu nəticə onlar üçün ikiqat zərbədir. Elə bizim üçün də. Çünki 3 xalın əvəzinə 1 xal götürdük".
 
Qurbanov son 2 oyunda "Neftçi"yə qarşı uğurlu çıxış etmələrinin sirrini də açıqlayıb: "İlk dövrədə "Neftçi"yə böyük hesabla uduzmuşduq. İkinci dövrədə də məğlub olduq. Ancaq son 2 görüşdə 4 xal almışıq. Baş məşqçimiz düzgün göstərişlər verir, sona qədər döyüşməyi tapşırır. Futbolda hər şey mümkündür. Sona 10 dəqiqə qalmış dönüş etdik, amma yenə də qələbəni əldən verdik. Mövsümün başa çatmasına 4 tur qalıb. 3-cü yerdə qalmaq üçün əlimizdən gələni edəcəyik".
 
Ruslan komanda yoldaşı Aleksandr Rıbkanın qırmızı vərəqə aldığı epizoda da münaibət bildirən Ruslan ukraynalı qapıçını günahkar saymadığını söyləyib: "Açığı, orada baş verənləri görmədim. Futbolda emosiyanallıq olur. Son dəqiqələrdə qol buraxmaq istəmirdi. Burda qorxulu bir şey yoxdur. Rıbkanı günahkar saymıram".
 
Millimizin də üzvü olan təcrübəli hücumçu son vaxtıar az oynamasına da toxunub: "Mayda "Səbail"lə müqaviləm başa çatır. Zədəli idim, indi forma yığıram. Az oynamağım məni də narahat edir. Millidə yer almaq istəyirəm. Bunun üçün çalışacağam".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right