“Sumqayıt” yeganə klubdur ki, onun oyununa gedəndə bilirəm ki, görəcəyim bütün futbolçuları milliyə dəvət edə bilərəm. Digər komandalarda isə heyətin yarıdan çoxu legioner futbolçulardır. Bəzi komandaların oyununa gedirəm ki, hansısa bir futbolçunun oyununa baxım. Amma baş məşqçi onun əsas heyətdə meydana buraxmır, ya 18-likdə olur, ya da ümumiyyətlə heyətə salınmır”.
Newsport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Azərbaycan Radiosuna müsahibəsində deyib. Nikola Yurçeviç Əli Babayevi milliyə dəvət etməsinə də münasibət göstərib: “Mən onu Qara Qarayevə alternativ futbolçu kimi milliyə dəvət etmişəm. Onun milliləşmiş futbolçu olması mənim üçün maraqlı deyil. Mənim üçün əsas olan milliyə çağırdığım futbolçunun Azərbaycan pasportunun olmasıdır”.
52 yaşlı çalışdırıcı yığmamızın problemlərindən danışıb: “Milli komandamızın oyununda yüksək ritmlə, templə bağlı problem var. Futbolçularımız oyunun sürəti ilə ayaqlaşa bilmir. Bu da bir tərəfdən başa düşüləndir. Çünki futbolçuların ölkə çempionatında oynadığı templə Avropa Arenasında üzləşdikləri sürətli oyun eyni deyil”.
Xorvatiyalı mütəxəssis gələcək oyunlarla da bağlı bunları deyib: “Hücumameylli futbol sərgiləməyə çalışacağıq. Amma müdafiəmizdə sayıqlığı itirməməliyik. Əsas isə standart vəziyyətlər üçün çalışmalıyıq. Bu, bizim üçün problemli məsələdir. Macarıstan və Slovakiya ilə oyunlarda isə biz əvvəlki matçlarla müqayisədə 20-30 faiz daha artıq hücum futbolu oynayacağıq”.
Yurçeviç "Qəbələ"dən milliyə futbolçu çağırmaması ilə bağlı bunları deyib: “Qəbələ”nin bütün oyunlarını izləyirəm, futbolçuları da tanıyıram. Mənim üçün də oradakı azərbaycanlı futbolçuların hər biri milli komanda üçün namizədlərdəndir. Gələcəkdə onları da bəzilərini milli komandada görəcəksiniz. Yaxşı oyunçulardır, sadəcə stabil oyun sərgiləməyiblər.