"Litva yaxşı komandadı. Ancaq düşünürəm ki, favorit bizik. Bütün fikirlərimiz də qələbəyə yönəlib".
Newsport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin üzvü Ramil Şeydayev deyib.
Sabah "Bakcell Arena"da Litva ilə keçiriləcək yoldaşlıq görüşü öncəsi təşkil edilən mətbuat konfransına qatılan hücumçu fikirlərini bölüşüb. O, bildirb ki, sabah təkcə yaxşı oyun yox, qələbə də vacibdi: "Qalibiyyət Slovakiya və Macarıstanla oyunlar öncəsi yüksək motivasiya yaradar. Baş məşqçi də fikirlərində bizə bunu bildirib".
- Son matçlarda performansın çox yüksəlib və ardıcıl qollar vurursan. Məşhur karikaturaçı rəssam Omar Momani də Xorvatiya ilə matçda fərqlənməyinə biganə qalmadı. Nə hisslər keçirirdin?
- Xoş sözlər üçün təşəkkür edirəm. Belə karikaturaların çəkilməsi mənə çox yaxşı təsir edir. Yəqin ki, bütün digər futbolçular üçün də belədi. Əgər kiminsə haqqında heç yazılmırsa, çəkilmirsə demək çox pis futbolçudu. Mən belə şeylərə normal münasibət bəsləyirəm. Təbii ki, çox xoş oldu.
- "Krılya Sovetov"la müqavilən 1 illikdi və 6 ay qalmışdan artıq digər klublarla danışıq aparmaq icazən var. Ümumiyyətlə, təklifin varmı və Samara klubunda gələcəyini necə görürsən?
- İndidən buna cavab vermək çətindir. Qarşıda çempionatın 10 oyunu var. Yenə qollar vura bilərəm, amma proses başqa cür də gedə bilər. İndi bütün diqqətimi milliyə yönəltmişəm. Qayıtdıqdan sonra klubdakı qələcəyim haqda düşünə bilərəm.