Klublar müqavilələrin notariusdan keçirilməsini istəmir: “Klublar bunu əvvəlcədən bilməlidi ki...”

Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, yığıncaqdan sonra KK-nin sədri Riad Rəfiyev  brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

 

-    Bu gün 11-12 sual ətrafında fikir mübadiləsi aparıldı. İclasda AFFA-nın baş katibi Elxan Məmmədov da bizimlə birlikdə iştirak etdi. Eyni zamanda, PFL-dən də nümayəndələr iclasa qayılmışdılar. İlk müzakirə etdiyimiz məsələni Elxan müəllim qaldırmışdı. Söhbət klublara uşaq futbolunun inkişafı üçün 1 milyon manata yaxın vəsaitin ayrılmasından gedir. Bu vəsaitin hesabatı ilə bağlı müzakirələr getdi. Çünki AFFA tərəfdən anlaşılmazlıq yaranıb. Buna səbəb qış fasiləsində klubların xeyli sayda futbolçu gətirməsidi. Bunun yaxşı bir hal olmadığı bildirildi. Digər məsələlərə gəlincə, “Neftçi” tərəfindən 4-5 məsələ qaldırılmışdı. Əsasən oyundan əvvəl və oyun zamanı bir neçə protokol və administrativ qaydalarla bağlı. Oyun günü matçın qaydaları, proqramı olur. Məsələn, komandanın oyundan neçə saat əvvəl stadiona gəlməsi, neçə dəqiqə əvvəl məşqə çıxması və s. Bəzi hallarda müəyyən klublar buna fərqli yanaşır. Buna görə də qərara alındı ki, hər kluba oyunun gününün proqramı təqdim edilsin və hər biri buna dəqiqliyi ilə riayət etsin. Baş katiblə söhbət zamanı daha bir məsələ həllini tapdı. Bu il AFFA tərəfindən hər kluba daha 50 “Nike” topu təqdim ediləcək. Növbəti mövsüm üçün isə klublara daha 100 top veriləcək. Daha bir məsələ limitlə bağlı oldu. Qərara aldıq ki, aprelin 16-da baş tutacaq növbəti iclasda 21 yaşlı limitlə bağlı klublara dəqiq məlumat verilsin. Çünki klublar bunu əvvəlcədən bilməlidilər ki, buna uyğun da hərəkət etsinlər. 

 

-    Hakimlik məsələsi müzakirə edildimi? Necə düşünürsünüz, komandanıza qarşı qərəzli mövqe varmı?
-    Ümumiyyətlə, belə bir şey düşünmürəm ki, hansısa kluba qarşı qərəz nümayiş etdirilsin. Əlbəttə ki, hakim səhvləri olub, olacaq da. Ötən iclasımızda Fritz Ştuxlik də iştirak edirdi. O da bunu qeyd etdi ki, səhvlər olub və yenə də olacaq. Bu, bütün dünyada belədi. Ancaq bu gün inkişaf etmək istəyiriksə, bir olmalıyıq.

 

-    Uşaq futboluna dair yatırımla bağlı əsas tövsiyə nədən ibarət oldu?
-     Hər klub öz hesabatında həmin məbləğin necə xərcləndiyini göstərməlidi. Qış transfer pəncərəsi zamanı klublar sıralarına xeyli sayda oyunçu cəlb etdi. Əvvəlki illərdə belə bir şey müşahidə olunmamışdı. Əgər həmin vəsait legioner cəlb edilməsinə sərf olunubsa, bu, düzgün deyil. Həmin vəsait uşaq futboluna, akademiyaya xərclənməlidi.

 

-    Bu il 1996-97-ci il təvəllüdlü futbolçular limitə uyğun gəlirdi. İlkin müzakirələr oldumu ki, növbəti mövsüm üçün hansı təvəllüdlü futbolçular çıxış edəcək?
-    Belə qərara aldıq ki, milli komandaların məşqçilərini də növbəti iclasımıza dəvət edək və onlarla birlikdə bu məsələni müzakirə edək.

 

-    Mayda da iclas keçiriləcəkmi?
-    Çalışırıq tez-tez görüşək. Kimsə düşünə bilər ki, bunlar xırda məsələlərdi. Ancaq həmin xırdalıqları üst-üstə qoyanda görürük ki, böyük bir müzakirə obyekti alınır. Məsələn, daha bir məsələ futbolçularla imzalanan müqavilələrin notarial qaydada təsdiqini tapması oldu. Əksər ölkələrdə bu müqavilələr notariusdan keçirilmir. Bizdə isə müqavilələri notariusdan keçirmək məcburidi. Bu da klubların əlavə xərcə düşməsi deməkdi. Biz təklif etdik ki, müqavilələri notariusdan keçirməyək. Onsuz da bütün klublarımız bu gün şəffaf işləyir və hesabatlarını təqdim edirlər.

 

-    Rəhbərlik etdiyiniz “Sumqayıt”ın turnir cədvəlinin sonuncu pilləsində qərarlaşması sizi nə dərəcədə narahat edir?
-    Bu, bizə stimul verir ki, daha yaxşı oynayaq və son pillədən qurtulaq. Xal fərqi elə də çox deyil. Hətta 5-ci pillədəki komandayla.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right