AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında daha bir neçə komandaya texniki məğlubiyyət verilib. Newsport.az saytı xəbər verir ki, U-12 Liqasının iki oyununda komandalar meydana yetərli sayda oyunçu ilə çıxmayıb.
Belə ki, U-12 Liqasının “Şirvanovka” (Qusar) – “Neftçi” İK İB oyununda, U-12 Qızlar Liqasının isə “Keşlə” (Bakı) – “Mil-Muğan” (İmişli) görüşündə meydan sahiblərinin heyətində yetərsay olmadığından, onlara 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Neftçi” İK İB (Siyəzən) – “Şahdağ” FK qarşılaşmasında ikincilər yaş limitini pozublar və bu üzdən məğlub elan ediliblər - 0:3.
Futzal çempionatında isə "lipa"lar aşkarlanıb. Birinci Liqanın “Baku Fans” – “Sovetski” matçında “Sovetski”nin, İkinci Liqanın “Borçalı” – “Gilan” oyununda isə “Gilan”ın heyətində protokolda adı olmayan futzalçı iştirak etdiyinə görə, hər iki komanda 0:5 hesablı texniki məğlubiyyətlə üzləşib.