Rusiyalı futbolçu Aleksey Qasilinin “Səbail” klubundakı taleyinə aydınlıq gəlib. Newsport.az xəbər verir ki, baxışdan keçmək üçün paytaxt təmsilçisinin Antalyadakı təlim-məşq düşərgəsində olan futbolçu ilə müqavilə imzalanmayacaq.
Futbolçu Premyer Liqa təmsilçisinin düşərgəsindən 1 gün sonra ayrılıb. O, özü “dənizçilər”lə müqavilə imzalamağın əleyhinə olub. Müqavilənin şərtləri “Zenit”in yetirməsinin ürəyincə olmayıb. Onun karyerasını ölkəsində davam etdirəcəyi gözlənilir.
Aleksey Qasilin peşəkar karyerasına “Zenit” klubunda başlayıb. Sankt-Peterburq təmsilçi onu 2015-ci ildə Almaniyanın “Şalke” klubun icarəyə verib. Hücumçu Almaniya klubunun ikinci komandasının heyətində 33 oyunda iştirak edib və 14 qolla yadda qalıb. Forvard daha sonra doğma klubuna qayıdıb. O, 2017/18 mövsümünü “Amkar”ın heyətində keçirib. Qasilinin sonuncu klubu Portuqaliyanın ikinci liqa təmsilçisi “Akademika” olub.
Qeyd edək ki, “Səbail” qış transfer dönəmində milli komandamızın keçmiş üzvü Elvin Yunuszadə ilə müqavilə imzalayıb.