Antalyada təlim-məşq toplanışında olan “Neftçi” klubu baxışda olan Jesse Sekidika ilə bağlı qərar verib. Newsport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin nigeriyalı futbolçunun hazırlıq durumundan narazı qalıb.
İtaliyalı məşqçi 22 yaşlı futbolçuya “Slovan”la yoxlama görüşündə şans verməyi planlaşdırır. Yarımmüdafiəçi Çexiya klubu ilə qarşılaşmada da özünü yaxşı tərəfdən göstərə bilməsə, düşərgədən ayrılacaq.
Sekidika peşəkar futbolçu karyerasına “Napredak” klubunda başlayıb və iki il forma geyinib. O, daha sonra Türkiyənin “Əskişəhərspor” klubu ilə müqavilə imzalasa da, transfer qadağasına görə ayrılıq qərarı verib.
Qeyd edək ki, “Neftçi” qış transfer dönəmində Mamadu Mbodj, Mamadu Kane, Aqil Məmmədov və Turan Vəlizadə kimi futbolçularla güclənib. Paytaxt təmsilçisi hazırda yunanıstanlı Vangelis Platellasın keçidini həll etməyə çalışır.