"Çempionlar Liqasında və Avropa Liqasında kifayət qədər oyunlar keçirdik. Bir neçə cəbhədə mübarizə apardığımız üçün baş məşqçimiz heyətdə tez-tez rotasiyalar edirdik. Hələ çempionatın ilk hissəsi arxada qalıb. Ümid edirəm ki, sonda titula sahib olacağıq. Çempionatın lideri olan "Neftçi"dən 3 xal geridəyik".
Newsport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç deyib.
Xorvatiyalı yarımmüdafiəçi "Qəbələ"dən ayrıldığı üçün keçmiş klubundan üzrxahlıq istəyib: "Onları qoyub getdiyim üçün üzr istəyirəm. Amma bu, futboldur. Ayrılıq qərarı bir qədər üzücü oldu. "Qəbələ" rəsmiləri zarafatca məndən soruşurdular ki, nəyin çatmırdı?. Amma indi "Qarabağ"ın futbolçusuyam".
Futbolçu Azərbaycan yığması barədə fikirlərini bildirib: “Hazırda millinin işləri yaxşı getmir. Komandanın Millətlər Liqasının D liqasında qalması məyusluq yaradıb. Robert Prosineçkinin millinin baş məşqçisi olduğu vaxt yığma yaxşı nəticələr göstərirdi. İndi isə Kosovoya 0:4 hesabı ilə uduzdular. Azərbaycan millisinin potensialı var. Lakin Kosovoya bu məğlubiyyət onları üzdü”.
Ozobiç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisindən gedişinin səbəbini bilmədiyini söyləyib: "Nəyin baş verdiyini bilmirəm. Qurban Qurbanovun "Qarabağ"dakı uğurları göz önündədir. Öz komandasını sevən, topla oyunu və matça nəzarət etməyi xoşlayan çalışdırıcıdır".
27 yaşlı futbolçu Azərbaycan millisində oynamaq perspektivinə də toxunub: “Qarabağ”la müqaviləm 2+1 il müddətinədir. Əgər məni Azərbaycan millisinə də çağırsalar, bu təklifi sevinclə qəbul edərəm”.