“Simurq” – “Qəbələ” oyunundan sonra ev sahibi komandanın prezidenti Anar Bəkirov Newsport.az saytına müsahibə verib
“Simurq” “Qəbələ” üzərində 2:0 hesablı qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsiz?
-Bizim üçün sevindirici haldır, artıq neçənci dəfədir ki, jurnalistlər Zaqatalaya gəlirlər, oyunlarımızı yerində izləyirlər. Baxmayaraq ki, canlı yayım olmur İdman Azərbaycan və digər kanallar çəkmirlər, hər halda görürlər ki komanda inamlı qələbə qazanır, oyunumuzda da günbəgün irəliləmə var.
-Bu qələbə ilə komandanın üçüncü yerə yüksəlmək şansı var. Avrokubok şanslarınızı necə görürsünüz?
-O cəmi bir gündür də. Mayın 28-i hər şey bəlli olacaq. Biz də çox istəyirik. Ard-arda üç oyun keçirdik, üçü də pis olmadı. “Neftçi” də yaxşı komandadır, onlara qarşı da imkanlarımız oldu.
-Yeni transferləriniz haqqında nə deyə bilərsiniz?
-Dörd oyunçu cəlb eləmişik. Elnur Abdullayev ilk oyunda özünü doğrultdu, Alvaradodan da çox razıyıq, Cihana da şans veririk. Belə düşünürük ki, vaxt keçdikcə hər şey yaxşı olacaq.
-Komandanızın oyunundan zövq aldınızmı?
-İlk hissə xoşuma gəldi, ikinci hissədə bir az arxayınlaşdıq, ancaq qələbə üçün bu oyun kifayət etdi.
-Kütləvi simuliyasiya haqqında soruşmaq istərdim. Hər vəziyyətdə oyunçularınız imkan daxilində vaxt udmağa çalışırdılar…
-Biz axı meydanda deyilik. Deyə bilmərik ki, orda nə baş verir. Bəlkə də həiqətən də toqquşma olub. Sabah biz həm Mellini, həm də İlkini həkim müayinəsinə yollayacağıq, onların zədəsi ciddi ola bilər.
-Deyilənə görə Kaxaber Tsxadadzenin Gürcüstan yığmasına gedişindən sonra Çixradzenin “İnter”ə keçmək ehtimalı var…
-Düzdü onun müqaviləsi bu ilin sonunda bitir, ancaq onun əsas məqsədi komandanı Avroliqaya çıxartmaqdır. Müqavilənin uzadılıb uzadılmaması barədə mövsüm sonunda fikrləşərik.
-Belə çıxır ki komanda Avroliqaya çıxmasa Çixradze gedəcək?
-Hər şey ola bilər. Baxarıq. Birinci il Çixradze komandanı yeni götürəndə sadəcə bir penaltinin ucbatından Avroliqaya gedə bilmədik. O vaxtlar rəqabət daha güclü idi.
-Düşünürsünüz ki, çempionatın səviyyəsi keçən ilə nisbətən düşüb?
- Bəlkə də yanılıram, amma şəxsi fikrimdi ki, əvvəlki illərə baxanda çempionatın səviyyəsi xeyli düşüb
Hacı Mərdan,Newsport.az