Newsport.az-ın məlumatına görə, AFFA-nın yeni yaradılan Hakimlər və Hakim İnspektorlar komitəsində çalışmaqdan imtina edən və bunu öz imici ilə əlaqələndirən keçmiş FİFA referisi Azərbaycanda hakimliyin hazırkı durumundan bəhs edib və müəyyən iynəli sözlər işlədib: “Yaxın illərdə Türkiyə çempionatında baş hakimin səhvindən sonra görüş bitən kimi komandalardan, azarkeşlərdən, ictimaiyyətdən üzr istəyib hakimlik karyerasını bitirdiyini xatırlayıram. “Neftçi” - “Keşlə” oyunundakı ofsayd epizodu isə hakimlik karyerası deyil, futbolu birdəfəlik unutmaq üçün kifayətdir. Bilmirəm, avstriyalı bu epizodlara baxıb geri dönmək üçün bilet sifariş vermək eşqinə düşüb ya yox?! İnandırıcı da deyil, əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər. Ən azından hakimliyin hansı duruma salındığını ilk oyunlardaca əyani görmüş oldu. Qısa müddətdən sonra hakimlikdə ya ciddi dönüş yaradılmalı, ya da yaşıl meydandakı epizodlar qazandığı "yaşıl"lar kimi hər tur yadına salınacaq...
İllərdi klublar qarşı-qarşıya qoyulub, dağıdılıb.
Böyük futbol böyük ürəklər, böyük istedadlar, böyük işlər tələb edir. Suallar çox, cavab verənlər yox. Yenidən "Böyük oyun"ları daha üst səviyyədə görmək istəyiriksə, futbolun bütün sahələrində ciddi dönüş, islahatlar aparılmalıdır”.
Qeyd edək ki, Tahir Süleymanovun sonuncu iş yeri “Neftçi” klubunun vitse-prezidenti postu olub.