“Çətin oyun oldu. Bu gün komandamızda çox şey alınmırdı,rəqib rahat oynayırdı. Bunu da normal başa düşmək lazımdır”.
Newsport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Ağdam təmsilçisi Topaz Premyer Liqasının IV turunda öz meydanında “Sumqayıt”ı minimal hesabla məğlub edib.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “6 gün sonra ağır oyunumuz olacaq. Daha çox bir yerdə olmalı və komandanı yaxşı hazırlaşdırmaq lazımdır”.
- Bu gün oyunu izləyənlər arasında “Sportinq”in məşqçisi də var idi. Siz hansısa məşqçini Portuqaliyaya göndərməyəcəksiniz?
- Rəqibimizin nümayəndəsinin olmasından xəbərimiz var. Ancaq heç bir məşqçini Portuqaliyaya göndərməyəcəyik. Rəqibimizin oyunu izləmişik.
- Nazim Süleymanov hakim qərarlarının oyunun nəticəsinə təsir etdiyini bildirdi. Siz bu barədə nə deyə bilərsiniz?
- Rəqib baş məşqçinin fikrinə hörmətlə yanaşıram. Mübahisəli epizodlar oldu. Ancaq buna reaksiya vermək düzgün olmaz. Hər bir oyundan sonra belə fikirlər olur. Düşünürəm ki, irəlidə də belə epizodların şahidi olacağıq.
- Araz Abdullayev “Qarabağ”ın heyətində ilk oyununu keçirdi. Onun çıxışından razı qaldınız?
- Birinci oyunda ondan kifayət qədər keyfiyyət gözləyə bilməzdik. Çox istəklidir, ciddi hazırlaşır. Fikirləşirəm ki, 3-4 oyun sonra tam keyfiyyətini ortaya qoya biləcək.