Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Qəbələ" öz meydanında "Neftçi"yə 1:2 hesabıyla məğlub oldu.
Oyundan sonra meydan sahiblərinin futbolçusu Ruslan Qurbanov Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlama verib. Qurbanov "qara zolağ"a düşdüklərini dilə gətirib:
"Oyunumuz alınmadı. Nəticə bizə sərf etmir. "Neftçi"dən fərqli olaraq, biz imkanlarımızdan yararlana bilmədik. Oyunumuzu analiz etməliyik. Cavab matçına yaxşı hazırlaşmalıyıq. Əslində oyuna yaxşı hazırlaşmışdıq. Azarkeşlər, məşqçilər, rəhbərlik və prezidentimizi sevindirmək istəyirdik. Ancaq alınmadı, "qara zolağ"a düşdüyümüzü düşünürəm".
Yarımfinalın cavab oyunu aprelin 18-də Bakıdakı “Bakcell Arena”da keçiriləcək.