"Keşlə" Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında "Sumqayıt"ı 1:0 hesabıyla məğlub edib.
Newsport.az xəbər verir ki, matçdan sonra qəsəbə klubunun yarımmüdafiəçisi Vaqif Cavadov jurnalistlərə müsahibə verib. Cavadov öncə oyun barədə danışıb:
- Hər iki komanda layiqli çıxış etdi. Biz daha yaxşı çıxış etdik. 90 dəqiqə mübarizə apardıq. Komandanı təbrik edirəm. Komandamız 100 faiz bu oyuna hazırlaşmışdı. Bildiyiniz kimi, çempionatda vəziyyətimiz ürəkaçan deyil. Ona görə də gözümüzü kuboka dikmişik. Ancaq hər şey ilk oyundan bəlli olmur. Cavab görüşünə də ciddi hazırlaşmalıyıq. "Barselona" "Roma"ya ilk oyunda 4:1 hesablı qalib gəlsə də, cavab görüşündə 3 cavabsız qol buraxaraq mübarizəni dayandırdı. Elə "Yuventus" da son ana kimi mübarizə apardı. İkinci matçı gözləyirik".
- Finalda hansı komandayla qarşılaşmaq istəyərsiz?
- Onu fikirləşmirik. Axı finala çıxmamışıq. Bütün rəqiblər güclüdür. Biz ikinci oyunu düşünməliyik.
- Ebrima Sohna meydanda olan sanki bir nəfər azlıqda olursuz...
- Elə niyə olur ki? Xeyr. Sohna əsas heyət üzvüdür. Elə bir şey yoxdur. Hər oyun meydana çıxır. Meydanın mərkəzində yaxşı iş görür. Öz oyunu ilə sübut edir ki, start heyətə layiqdir.
- "Sumqayıt"la 1 həftə ərzində daha iki dəfə qarşılaşacaqsız. Heyətdə dəyişikliklər olacaq?
- Bu haqda nəsə desəm, yalan olar. Hər iki oyuna ciddi yanaşırıq.Turnir cədvəlində də irəli getmək istəirik. Amma əsas diqqətimiz kubokdur.
- Finala çıxmamağınız mümkün ola bilər?
- Əlbəttə, hər şey mümkündür. "Real" və "Roma"nın oyunları sübut etdi ki, hər şey ola bilər. Sumqayıtdakı oyunumuz ciddi olacaq.