U-15 Liqası: Lider Gəncədə büdrədi

Bazar günü 3 oyunla “Boulevard U-15 Liqası"nda 24-cü tura yekun vuruldu. İlk baxışdan oyunda favorit görünən bütün komandalar meydanı qələbə ilə tərk etdilər. Yalnız 2 oyundan başqa. Lider «Qəbələ» Gəncədə «Kəpəz»ə məğlub oldu. «Qarabağ» isə Lökbatanda eyni aqibətlə üzləşdi. Başqa sözlə, marqlı keçən çempionat bu tur da sensasiyasız ötüşmədi.

«Zirə» - «Turan» 7:0

Turun açılışı Aviasiya Akademiyasının stadionunda baş tutdu. «Zirə» 16 turdur ki, qələbə üzünə həsrət qalan və 2-ci dövrəni olduqca zəif təsir bağışlayan «Turan»ı qəbul etdi.  Gözlənildiyi kimi oyun meydan sahiblərinin qələbəsi ilə başa çatdı. Özü də böyük hesabla…

Oyunda hesab matçın 1-ci dəqiqəsində açıldı. Nurəli Nurəliyev cinah keçidi zamanı rəqibin 3 futbolçusundan sıyrılaraq baxımlı qola imza atdı. Cəmi 5 dəqiqə sonra Mirağa Babazadə künc zərbəsindən qapı önünə ötürülən topu qapıdan keçirdi. «Zirə»nin 3-cü qolu 17-ci dəqiqədə gəldi. Bu dəfə cərimə zərbəsindən fərqlənən Vüsal Əliyev adını qol vuran futbolçular siyahısına yazdırdı. İlk yarıda meydan sahibləri daha 2 dəfə qonaqları məyus etdilər. 24-cü dəqiqədə Nurəli özünün 2-ci qolunu vurdu, hissənin başa çatmasına 1 dəqiqə qalmış isə Gülağa Əsədov fərqləndi.

Fasilədən sonra üstünlük yenə də Cəfər Hüseynovun yetirmələrinin tərəfində olsa da, onlar qol vurmaqdan daha çox top saxlamağa üstünlük verdilər. Bununla belə «Zirə» ikinci hissədə Mahmud Ağayev və Gülağa Əsədovla hesabı 7:0-a çatdırdı.

Bu, «Zirə»nin cari çempionatda ən böyük hesablı qələbəsi idi. Bununla da bakılılar bir növ 1-ci dövrədə Tovuzda itirilən 2 xalın («Turan» - «Zirə» 1:1 – red.) «acığını» çıxmış oldular.

Komandaların növbəti 3 oyunu:

25-ci tur: «Sumqayıt» - «Zirə», «Turan» - İsgəndər Cavadov BFA

26-cı tur: «Zirə» - «Zaqatala», «Keşlə» - «Turan»

27-ci tur: «Zirə» turu buraxır, «Turan» - İOEUGİM.

«Keşlə» - «Viləş» 7:0

Turnir cədvəlində qonşu olan 2 komanda sanki bir-biri ilə bəhsə girirmiş kimi… Eyni hesab «Keşlə» - «Viləş» matçında qeydə alındı. Amma «Zirə» - «Turan» oyunundan fərqli olaraq «İnter Arena»da qolların çoxu ikinci 35 dəqiqədə vuruldu.

Meydan sahiblərinin ərazi üstünlüyü şəraitində başlayan oyunun 1-ci hissəsi olduqca darıxdırıcı şəraitdə keçdi. İlk təhlükəli vəziyyət yalnız matçın 14-cü dəqiqəsində yarandı. «Viləş»in qapıçısı Məhəmməd Mehtiyev topu komanda yoldaşına atmaq istəyərkən rəqib komandanın futbolçusu Əbil Əbilovun qarşısına düşdü. Əbil topu qapıçının başı üzərindən qapıya göndərmək istəyərkən Məhəmməd səhvini düzəltdi. Bundan 4 dəqiqə sonra isə hesab açıldı. Nihat Abbasovun ötürməsindən sonra Vaqif Həsənov topu uzaq «doqquzluğ»a göndərdi. Təhlükəli epizodlar sarıdan o qədər də bol olmayan birinci hissənin sonuna yaxın «Viləş» hesabda tarazlıq yarada bilərdi. Gəl ki, «Keşlə»nin qapıçısı Elmar Əzizov Samir Əliyevlə təkbətək mübarizədə topu küncə göndərdi. İlk hissə 1:0 hesabilə başa çatdı. Fasilədən sonra daha görgin mübarizənin gözlənildiyi bir anda…

İkinci hissənin ilk 5 dəqiqəsində qonaqlar qapılarında 3 qol gördülər. Əvvəlcə 1-ci dəqiqədə Əbil Əbilovun cərimə zərbəsindən qapı önünə etdiyi asmanı İsrail Əliyev başla qapıdan keçirdi. 38-ci dəqiqədə Rəşad Əhmədovun uzaqdan vurduğu topu Məhəmməd Mehtiyev geri qaytardı. Lakin hamıdan tez özünü topa çatdıran Vaqif Həsənov özünün 2-ci qolunu vurdu. 41-ci dəqiqədə «Keşlə»nin 4-cü qolu daha baxımlı alındı. Məhəmməd Tağıyevin cinah ötürməsindən sonra Qurban Səfərov «çerez sebya» qol vurdu. Eynən bir neçə gün öncə Çempionlar Liqasında Ronaldonun «Yuventus»a vurduğu qol kimi. Həqiqətən baxımlı qol alındı.

49-cu dəqiqədə Qurban bu dəfə assistent rolunu oynadı. 2004-cü il təvəllüdlü bu futbolçunun ötürməsindən sonra Vaqif yenidən fərqləndi. 56-cı və 57-ci dəqiqələrdə vurulun qolların ötürmələri yenə də Nihat Abbasovdan gəldi. Əvvəlcə Qurban «dubl»unu, 1 dəqiqə sonra isə Vaqif «poker»ini rəsmiləşdirdi.

Bu oyunda qələbə ilə yanaşı uzun müddətdir ki, zədə səbəbindən oyunları buraxan Xəyal Mustafayevlə Əli Tağıyevin «Vətən»lə çətin oyun öncəsi sıraya dönüşü «Keşlə»nin baş məşqçisi Xəyal Mustafayevi sevindirdi.

25-ci tur: «Vətən» - «Keşlə», «Viləş» - İOEUGİM

26-cı tur: «Keşlə» - «Turan», «Kəpəz» - «Viləş»

27-ci tur: «Sumqayıt» - «Keşlə», «Viləş» - «Neftçi» İK İB.

«Zaqatala» - «Sumqayıt» 1:2

Maraqlı mübarizə şəraitində keçən oyunda qonaqlar qalib gəldidər. Qarşılaşmada hesabı açan tərəf də elə qonaqlar oldular. 23-cü dəqiqədə Xaqani Cavadzadə fərqləndi. Birinci hissə Mehman Yunusovun komandasının minimal hesablı üstünlüyü ilə başa çatdı.

Fasilədən sonra qapılar önündə kifayət qədər təhlükəli vəziiyət olsa da, növbəti qol matçın başa çatmasına 7 dəqiqə qalmış vuruldu. «Sumqayıt»lı Murad Əzizbəyli komandasını rahatladan qola imza atdı. «Zaqatala» yalnız matçın başa çatmasına 3 dəqiqə qalmış 2-ci hissədə oyuna qoşulmuş Vüqar Məmmədli ilə buraxılan qolların birinin əvəzini çıxa bildi.

25-ci tur: «Zaqatala» turu buraxır, «Sumqayıt» - «Zirə»

26-cı tur: İsgəndər Cavadov BFA – «Sumqayıt», «Zirə» - «Zaqatala»

27-ci tur: «Zaqatala» - İsgəndər Cavadov BFA, «Sumqayıt» - «Keşlə».

«Neftçi» İK İB – «Qarabağ» 1:0

Turun daha bir gözlənilməz nəticəsi Lökbatan OİK-nin meydanında qeydə alındı. Medallar uğrunda mübarizə aparan «Qarabağ» ikinci dövrədə yaxşı mənada hamını təəccübləndirən «Neftçi» İK İB-dən ağır zərbə aldı. Cütün favoriti qonaqlar sayılsalar da, meydan sahibləri onları xalsız yola saldı. Ümumi götürəndə sönük keçən oyun təhlükəli epizodlar baxımından bol olmadı. Yeganə qol matçın başa çatmasına 4 dəqiqə qalmış Taleh Yusifovdan əla ötürmə alan İlkin Əliyevdən gəldi. O, qapıçı ilə üz-üzə qaldı və komandasına qələbə gətirən qol vurdu.

Məğlubiyyət «Qarabağ»ı 3-cü pillədəki «Zirə»dən 8 xal geri saldı. Bu isə Asif Əlizadənin komandasının medal qazanmaq şansını xeyli azaltdı. «Qarabağ»ın bu həftə turu buraxan «Neftçi» ilə xalları eynidir. Gələn həftə bu komandaların öz aralarında oynadığını nəzərə alsaq, məğlub olan tərəfin indidən mükafatçılar sırasına düşmə şansının əriyəcəyini söyləmək olar.

25-ci tur: Qəbələ» - «Neftçi» İK İB, «Qarabağ» - «Neftçi»

26-cı tur: «Neftçi» İK İB - «Səbail», «Qarabağ» turu buraxır

27-ci tur: «Qəbələ» -  «Qarabağ», «Viləş» - «Neftçi» İK İB.

İOEUGİM – «Səbail» 2:2

Turun ən maraqlı oyunu Sumqayıtda keçirildi desək, yanılmarıq. Maraqlı oyun, gərgin mübarizə, bol qol… Qarşılaşmanı korlayan yeganə məqam oyunun keçirildiyi «İnşaatçılar» stadionunun bərbad meydanı idi.

Oyun erkən qolla başladı. Artıq, 2-ci dəqiqədə meydan sahibləri künc zərbəsindən sonra hesabı açdılar. İOEUGİM-dən oyunun ən yaxşılarından olan Dünyamalı Sevdimalıyev fərqləndi. Fasiləyə kimi sumqayıtlılar daha 2 epizoddda 100 faizli qol şansını boşa verdilər. Əvvəlcə Zehir Ertacın, bir qədər sonra isə Ömər Əhmədlinin zərbələrini «Səbail»in qapıçısı Fərrux Əzizov qeyri-adi reaksiya ilə dəf edə bildi. İlk yarıda qonaqlar da bir neçə epizodda fərqlənə bilərdilər. Lakin onlarda dəqiqlik çatışmadı.

Fasilədən sonra oyun əsasən meydanın mərkəzində gedirdi. Qalan 3 qol matçın son 9 dəqiqəsində vuruldu. 28-ci dəqiqədə Tahir Axundov hesabı bərabərləşdirdi. 5 dəqiqə sonra Arif Məmmədov «Səbail»i hesabda önə keçirdi. Amma Xaqani Məmmədovun komandası qələbə hesabını qoruya bilmədi. Hakimin oyunun əsas vaxtına əlavə etdiyi 2 dəqiqə başa çatar-çatmaz Harun Abbasov 25 metr məsafədən effektli zərbə ilə komandasını məğlubiyyətdən xilas edən baxımlı qol vurdu.

25-ci tur: «Səbail» - «Kəpəz», «Viləş» - İOEUGİM

26-cı tur: İOEUGİM - «Vətən», «Neftçi» İK İB - «Səbail»

27-ci tur: «Turan» - İOEUGİM, «Səbail» - «Neftçi».

«Kəpəz» - «Qəbələ» 2:0

Sonuncu ev oyununda iddialı «Neftçi»nin qapısından 4 cavabsız top keçirən «Kəpəz»in qəzəbinə bu dəfə lider tuş gəldi. İlham Səmədovun komandası bu dəfə də qapısını toxunulmaz saxlamaq şərtilə rəqib qapısından 2 top keçirdi. «Kəpəz» ilk qolu 4-cü dəqiqədə vurdu. Ümid Səmədovun uzaq məsafədən vurduğu zərbəni qapıçı geri qaytarsa da, Həsən Seyfullayev fürsəti boşa vermədi. Gəncə TİM-nin bərbad meydanında keçirilən oyun tərəflərə baxımlı oyun sərgiləməyə imkan verməsə də, oyun maraqlı mübarizə şəraitində davam etdi. «Qəbələ» bir neçə dəfə hesabı bərabərləşdirə bilərdi. Gəl ki, Rakif Əliyevin yetirmələrində dəqiqlik çatmadı.

Yekun nəticəni müəyyənləşdirən qol 2-ci hissənin ortalarında vuruldu. Rəqib müdafiəçidən topu «oğurlayan» Bəhram Muradov komandasının 2-ci qolunu vurdu.

25-ci tur: «Səbail» - «Kəpəz», «Qəbələ» - «Neftçi» İK İB

26-cı tur: «Neftçi» - «Qəbələ», «Kəpəz» - «Viləş»

27-ci tur: «Vətən» - «Kəpəz», «Qəbələ» - «Qarabağ».

İsgəndər Cavadov BFA – «Vətən» 0:2

Bu oyunda isə sensasiya olmadı. Amma qələbə «Vətən»ə böyük zəhmət bahasına başa gəldi. Matçın ilk yarısında üstünlük qonaqların tərəfində olsa da, onlar hesabı aça bilmədilər. Əvəzində qapılarında qol görə bilərdilər. Lakin Məhəmməd Məmmədov fürsəti boşa verdi.

Fasilədən sonra 4-cü və dəqiqədə İlqar Mənsimovun komandası istəyinə çatdı. Kamil Musayevdən ötürmə alan Elvin Abdullayev hesabı açdı. Bundan bir qədər sonra Qəhrəman Əliyevin yetirmələri hesabdakı tarazlığı bərpa edə bilərdilər. Amma Məhəmməd Məmmədov qapıçını keçsə də, qol vura bilmədi. Onun fərqlənməsinə topu boş qapıdan çıxaran «Vətən»in müdafiəçisi Fərrux Fərzəliyev mane oldu.

«Vətən» 2-ci qolu taymın ortalarında vurdu. Bu dəfə də Elvin rəqib qapısına yol tapdı. Bununla da o, çempionatdakı qollarının sayını 26-a çatdıraraq bombardirlər yarışında «Qəbələ»li Mehrac Baxşəliyevi yenidən geridə qoydu.

Qələbə sayəsində «Vətən» «Qəbələ» ilə xal fərqini 5-ə endirdi. Amma «məktəblilər»in liderdən 2 oyun az keçirdiyini də nəzərə almaq lazımdır.

25-ci tur: «Turan» - İsgəndər Cavadov BFA, «Vətən» - «Keşlə»

26-cı tur: İOEUGİM - «Vətən», İsgəndər Cavadov BFA – «Sumqayıt»

27-ci tur: «Zaqatala» - İsgəndər Cavadov BFA, «Vətən» - «Kəpəz».

 

Sonda 24-cü turu buraxan «Neftçi»nin növbəti 3 turdakı oyunlarını təqdim edirik:

25-ci tur: «Qarabağ» - «Neftçi»

26-cı tur: «Neftçi» - «Qəbələ»

27-ci tur: «Səbail» - «Neftçi».

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 26 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol.

«Het-trik news» 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right