"Qalib gəlmək istəyirdik. Qələbə bizim üçün çox vacib idi. 3-4-cü yerlərə yaxınlaşmaq istəsək də, alınmadı".
Newsport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasının 22-ci turunda "Sumqayıt"la evdə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra söyləyib. Ələsgərov daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Qələbəni əldən verməyinizdə Cavid İmamverdiyevin ustalığı nə dərəcədə rol oynadı?
- O, yaxşı çıxış etdi və gözəl qol vurdu. Qismət belə imiş.
- Xal itkisi kubok görüşündə nə dərəcədə rol oynaya bilər? Kubok matçlarının arasında "Zirə" ilə oyun da var...
- Qələbə daha yaxşı olardı. Ancaq hələ heç nə başa çatmayıb. Məğlubiyyət daha pis olardı. Şanslarımız var. Kubok matçlarına da yaxşı hazırlaşacağıq. Ağır olacaq. Hazırda "Qəbələ" ilə ilk oyunu fikirləşməliyik. İlk matçdan sonra "Zirə"ni düşünmək olar.
- Qış fasiləsindən sonra "Qəbələ" enişdə, siz isə yüksəlişdəsiz. Bunun oyunlara təsiri necə olacaq?
- Çempionatla kubok tam fərqlidir. "Qəbələ" də bütün fikrini kuboka yönəldib. Hər iki komanda üçün çətin görüşlər olacaq.
- Tərlan Əhmədov mövsümün ilk yarısındakı çıxışında narazı olduğunu demişdi. Lakin qış fasiləsindən əsas heyət oyunçusu oldu və hətta milliyə də dəvət aldın. Səndə nə baş verdi ki, yüksələn qrafikin oldu?
- Özümə güvənməklə hər şeyi geridə qoydum. Azarkeşlərlə məşqçilərin mənə inandığını hiss edirəm.
- "Sumqayıt"çox güclüdür, yoxsa siz yetəri qədər istəkli deyildiniz ?
- "Sumqayıt" çox yaxşı komandadır. Avropa Liqası uğrunda mübarizə aparırlar. Yaxşı oyun oldu və hər iki tərəf gözəl çıxış etdi.
- Cavid İmamverdiyev vurduğu qola sevinmədi. Belə hallara necə yanaşırsan?
- Normal baxıram. O, "Neftçi"nin yetirməsi olduğu üçün bu addımı atdı. Dünya futbolunda da belə hallar olur.