Bu gün Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Neftçi" doğma meydanda "Sumqayıt"ı qəbul edib. (2-2)
Newsport.az saytının məlumatına görə, oyundan sonra qonaqların kapitanı Cavid İmamverdiyev jurnalistlərin suallarını cavablandırıb.
- Sizcə, bu gün 2 xalı hansı komanda itirdi?
- Hesab edirəm ki, hər iki komanda itirdi. Təbii ki, ilk növbədə öz komandamı düşünürəm. Bu üzdən deyə bilərəm ki, biz 2 xal itirdik. Çox gözəl oyun göstərdik. Məncə, “Neftçi”dən yaxşı oynadıq. Həm əzmkarlıq, həm də futbol baxımından rəqibi üstələyirdik. Sadəcə, bəxtimiz gətirmədi.
- Vurduğunuz qola sevinmədiniz...
- “Neftçi” mənim sevimli komandamdı. Burda gedən istənilən futbolçu mənim yerimdə olsaydı, yəqin ki, bu addımı atardı, sevinməzdi. Futbolun sirlərini burda öyrənmişəm, bu komandada böyümüşəm.
- Qarşıda kubok oyunu olacaq. İddianız nədi?
- Çempionat matçlarına olduğu kimi, kubok görüşlərinə də eyni qaydada hazırlaşırıq. “Sumqayıt” iki turnir arasında ayrı-seçkilik etmir. Hər iki cəbhədə sona qədər mübarizə aparmaq istəyirik.
- “Keşlə” ilə 7 gün ərzində 3 dəfə qarşılaşacaqsınız. Eyni rəqiblə qısa müddətdə çox qarşılaşmaq necə təsir edər?
- Bu, təkcə bizə yox, rəqibə də aid olacaq. Düşünmürəm ki, mənfi təsir edəcək. Düzdü, yorğunluq olacaq. Amma “Keşlə”də də belə olacaq.
- “Zirə” ilə xal fərqini qorudunuz. “Sumqayıt” 3-cü yeri tuta biləcəkmi?
- Əlbəttə ki, bunu istəyirik. “Sumqayıt” adına bu, sevindirici haldı.
- Matçdan sonra baş məşqçi Samir Abasovla birlikdə “Neftçi” azarkeşləri tərəfə getdiniz. Bu addımı necə izah etmək olar?
- Məncə, bu, olmalı idi. Biz rahat idik. “Neftçi” azarkeşlərini yaxşı tanıyıram. Bilirəm ki, onlara yaxınlaşan azərbaycanlı futbolçuları heç vaxt geri çevirməzlər. Onları tanıyaraq getdim. Bildim ki, bizi alqışlayacaqlar. Təşəbbüs baş məşqçidən gəldi, bildirdi ki, komandanı ora apar. Özünüz də gördünüz ki, azarkeşlər də bizi müsbət qarşıladılar. Həmişə demişəm ki, Azərbaycanın bir nömrəli azarkeşləri “Neftçi” fanatlarıdı.
- Bu gün kapitanlıq sarğısını daşıyırdınız. Bu, oyununuza necə təsir göstərdi?
- Açığı, kapitanlığın mənə verilməsini gözləmirdim. Samir müəllim belə məsləhət bildi. Mən də meydana çıxıb, kapitanlığımı etdim.