Cavid Hüseynov: "Hakim qələbəni əlimizdən aldı"

"Qəbələ”nin kapitanı Cavid Hüseynovun Newsport.az saytına müsahibəsi:

- “Zirə” ilə matçda qələbə qazana bilmədiniz. Sizə nə mane oldu?

- İstəyirsiz hakimlərin adlarını çəkim. Amma əlavə danışmağa ehtiyac yoxdu. Hamı hər şeyi gördü. İstər Kone, istərsə də Dabonun epizodunda penalti var idi. Dabo qapıçıdan topu oğurlayır, Anar Nəzirov ona qarşı qaydanı pozur, amma hakim cərimə zərbəsini “Zirə”nin lehinə verir. Oyuna gəlincə, çətin olacağını bilirdik. Çünki “Zirə” ilə matçlarımız həmişə çətin keçib. İki fərqli hissə izlədik. Birinci hissədə zəif oynasaq da, ikinci hissədə özümüzü toparladıq.

- “Qəbələ”nin əleyhinə tez-tez hakim səhvlərini görürük. Amma başqa komandalarda bu hallar nadir hallarda baş verir.

- Mən tərəfdən belə danışmaq düzgün olmaz. Amma bu gün hakim qələbəmizi əlimizdən aldı.

- Oyunun sonunda özünü saxlaya bilməyib hakimin üzərinə getdin.

- Bilirsiniz necədi, həqiqətən penalti olduğu kənardan görünür. Bunu qapımıza versəydi, qınaq atəşinə tutulmazdı. Belə qərar verməyə məcburdu? Hər iki epizodu görə-görə susurdu. Belə olan halda özünü cilovlamaq çətin olur. Biz də insanıq, əziyyət çəkirik və bunun bəhrəsini görmək istəyirik. Düzü, hakim də insandı, amma dəqiq epizodlarda bunu demək olmur.

- Bu şeylərdən sonra VAR sistemi ağla gəlir. Bunun Azərbaycan çempionatında olmasını arzulamırsınız?

- VAR sistemi futbola marağı öldürür. Amma bunu demək olmaz. Düzdü, elə epziod ola bilər ki, VAR sistemi həmin oyunun marağını öldürə bilər. Amma bu oyunda olsaydı, penaltilər yüz faiz veriləcəkdi.

- Birinci hissədə Dimitri Bezotosnınin Riçard Qadzeyə qarşı cərimə meydançasında etdiyi hərəkət penalti idi?

- Məncə, orda da penalti var idi.

- Çempionluq mübarizəsi haqda danışmaq olar?

- Yox, artıq çempionluqdan əlimizi üzmüşük. Hazırda ikincilik uğrunda mübarizə aparırıq.

- Düşünmək olarmı ki, komanda artıq kuboku qazanmağa köklənib?

- Bunu gizlətməyin yeri yoxdu. Həqiqətən də belədi. Bu gün özümüzü göstərmək istəyirik ki, “Neftçi” ilə oyuna daha yaxşı köklənə bilək.

- “Qəbələ” son 7 oyunun yalnız birində qələbə qazanıb. Siz yaxşı durumda olmasaz da, kubokdakı rəqibiniz “Neftçi” yüksəlişdədi.  Bu, motivasiya baxımından onlarla yarımfinal oyununa təsir edəcək?

- “Neftçi”nin yaxşı formada olması məni sevindirir. Bu, Azərbaycan futbolu üçün yaxşı haldı. Amma gəlin razılaşaq ki, kubokla çempionat eyni turnir deyil. Orda tamam başqa oyun olacaq.

- “Qarabağ”ın kubokda olmaması elə bir fikir yaradıb ki, “Qəbələ” mütləq qalib olmalıdı.

- Düzgün fikir deyil. İstər “Sumqayıt”, istərsə də “Neftçi” yaxşı formadadı. “Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırıb, bizimlə evdə heç-heçə oynayıb. Bu da göz qabağındadı.

- Şər deməsən, xeyir gəlməz. Kuboku qazanmadığınızı düşünəndə sizi vahimə basır?

- Əlbəttə. Heç belə yuxu görmək istəmirəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right