Premyer Liqasının XXII turu çərçivəsində “Keşlə”ylə evdə 1:1-lik bərabərliyə qalan “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov mətbuat konfransı keçirib.
Newsport.az-ın verdiyi məlumata görə, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
- Yaxşı oyun alındı. Bəxt də sözünü dedi. “Keşlə” də xoş təsir bağışladı. Ancaq bugünkü oyunda əvvəlkilərin cəmindən daha çox qol imkanı yaratdıq. İstəyirdik fərqi azaldaq, alınmadı.
- Özünüz inanırsınız ki, yekun cədvəldə “Keşlə”ni keçə biləcəksiniz?
- Əlbəttə, inanıram. Komandama da tam güvənirəm.
- Reqlamentə görə, son pillənin sahibi Premyer Liqanı tərk edir. İnanırsınız ki, reqlamentə riayət olunmayacaq?
- Bunu jurnalistlər bizdən yaxşı bilir. Ancaq oyuna görə razılaşın ki, “Kəpəz” son pilləlik komanda deyil.
- Dario Federiko Azərbaycana ikinci gəlişindən sonra ən parlaq oyununu keçirdi. Təcrübəli mütəxəssis kimi hiss etmədiniz ki, braziliyalı yarımmüdafiəçi özünü kiməsə sübut edib mövsümün sonunda yeni komandaya keçid üçün belə dəridən-qabıqdan çıxırdı?
- Xeyr, razılaşmıram. Çünki bir oyuna görə futbolçu götürmürlər. O, hər oyunda özünü sübut etməlidi. Sadəcə, Darioya boş ərazi verəndə özünü “suda balıq kimi” hiss edir. Bu görüşdə də rəqib müdafiəçilər bu şəraiti yaratdılar. (Sport24.az)