"Qaydaları bilsəydim belə, müqaviləni pozacaqdım" Rauf Əliyev

Rauf Əliyev futbolçu karyerasında ən çətin dönəmi yaşayır. Cari mövsümə "İnter"də (hazırkı "Keşlə"də) başlayan 29 yaşlı hücumçu sonra Albaniyada - "Kukesi" klubunda legioner həyatı yaşadı. Ancaq ötən ilin sonunda albanlarla müqaviləni pozmaq Raufun cari mövsümün onun üçün vaxtından əvvəl başa vurması demək idi. Çünki FİFA-nın qaydalarına görə futbolçu bir mövsümdə 3-cü klubda oynaya bilməzdi. "Keşlə"yə qayıda bilərdi ki, Əliyev bunu istəmədi. O, istisna kimi bəzi ölkələrdə çıxış edə bilərdi ki, bunu etməyi lazım bilmədi. 6 ay futbolsuz qalmağı üstün tutan Rauf "Qəbələ"yə keçdi. Ancaq dediyimiz kimi, o, ilyarımlıq müqavilə imzaladığı yeni komandasında ən yaxşı halda cari mövsüm bitəndən sonra oynaya bilər.

 

Qəbələyə son səfərimizdə Əliyevlə söhbətləşmək imkanını əldən vermədik. Millimizin sabiq üzvü newsport.az-a müsahibəsində bir sıra maraqlı mətləblərdən danışdı.

 

- Yeni komandanın oyunu kənardan necə təsir bağışlayır?

- Komandada dəyişikliklər var. Ola bilər ki, son turlarda nəticələr baxımından eniş var. Nəticə yaxşı olanda, futbolçuların özünəinamı daha yüksək olur. Qələbələr gələndə, bunun müsbət mənada təsiri olacaq. Ümümilikdə bərabər səviyyədə oyun getdi.

 

- "Sumqayıt"la ev oyununda tempi aşağı idi. "Qəbələ" sürətli hücumları ilə seçilən komanda olsa da, bunu görə bilmədik...

- Ola bilər. Hər iki komanda ehtiyatla oynayırdı. "Qəbələ" son oyunlarda xal itirdiyindən, ehtiyat edirdi. "Sumqayıt" da beş müdafiəçi ilə oynayır. Buna görə sürətli oyun elə də yox deyildi.

 

- Artıq karyeranda yeni dönəm başladı. "Qəbələ"də özünü necə hiss edirsən?

- Müqavilə imzalayandan komandanın düşərgəsindəyəm. Hazırlıqda iştirak edirəm. Özüm fərdi məşqlər də edirəm. İndiki vəziyyətimdə ancaq çoxlu məşq etməliyəm.

 

- Ukraynalı baş məşqçi Roman Qriqorçuk sənə indiki vəziyyətində nə məsləhət görür? Sənə əlavə hazırlıq proqramı veribmi?

- Elə bir geniş söhbətimiz olmaylb. Sadəcə, qısa danışıq olub. O da ilk növbədə çox məşq etməyimi tövsiyə edir.

 

- "Qəbələ"də hansı nömrə altında çıxış edəcəksən? Karyeranboyu daşıdığın 9 və 11 nömrələr məşğuldu...

- Oynamadığıma görə nömrənin üstündə dayanmamışam. "Qəbələ"də hələ yeni mövsümdən çıxış edəcəyəm.

 

- Asif Məmmədov "11"-i verər sənə?

- Bu durumda Asiflə nömrə söhbəti etmərəm. Görək də, xeyirlisi.

 

- Yəni xüsusi nömrə istəyin yoxdu?

- Açığı, indiki vaxtda hansı nömrədə oynamağımı heç fikirləşmirəm. Əsas odu ki, qayıdım oynayıb.

 

- Ancaq onu fikirləşərsən ki, komandada Baqali Dabo var. Cari çempionatımızın bombardiridi. Onun hücumdan sıxışdırıb çıxarmaq çox çətindi....

- Hara getmisəm, ididalı klublarda oynamışam. Komandada 2-4 hücumçu, rəqabət olub. Bir tərəfdən belə vəziyyətə öyrəşmişəm. Buna görə də rəqabət mənim üçün yaxşı olar.

 

- Ola bilər ki, heç Qriqorçukla işləməyəsən. Çünki ukraynalı mütəxəssis yayda "Qəbələ"dən gedə bilər...

- Mən elə şeylərə qarışa bilmərəm. Yalnız məşqimi edib vaxtımı gözləməliyəm.

 

- Hazırkı fiziki durumunu necə dəyərləndirərdin?

- Deyərdim ki, yaxşı səviyyədə deyiləm. Bu da məlum məsələdi. Çünki son 3 ayda adi məhlədə oynanılan "dır-dır" oynamışam. Özümün də səhlənkəranlığım olub, üzərimdə az işləmişəm.

 

- Niyə səhlənkarlığın olub? Həmişə iddialı klublarda, uzun müddət milli komandada oynamış peşəkar futbolçusan...

- Çalışmışam ki, çox futbol oynayım. Ancaq fiziki hazırlığımı artırmaq lazım olan trenajorlarda məşqlərə çox səhlənkar yanaşıram. Bunun çətinliyi var. Ancaq belə götürəndə, tələsməyə ehtiyac yoxdu. Vaxt var. Şükür Allaha ki, bir neçə gündü "Qəbələ"ylə məşq edirəm və görürəm ki, xeyri var. Artıq ilk gündən fərqi hiss edirəm.

 

- Adi insan da uzun müddət işləməyəndə tonusdan düşür, rejimdən kənardan qalır və bir növ tənbəlləşir...

- Həm tənbəllik olur, həm də komanda belə vəziyyətə düşəndə adamın beyni yorulur. Mən də bu durumda idim. Ona görə məşq etməyə həvəssiz yanaşırdım. Bu cür problemlər məni geri saldı.

 

- Karyeranın belə məcraya gəlməsində özünün də səhlənkarlığın olub ki, mövsümün ən qızğın vaxtında oynaya bilmirsən?

- Əlbəttə. Futboldan kənarda qalmaq çox çətindi. Bu, qıraqdan mənə heç asan gəlmir. Hardasa şanssızlığım oldu. Albaniyada vəziyyət daha yaxşı olsaydı, əlbəttə, indi qalıb oynayardım. Bəlkə də sonrakı müddətdə Azərbaycana qayıdardım, güclü kluba keçərdim. Ancaq belə oldu, "Kukesi"də çox çətinliklər vardı. İndiki vəziyyətdə durumumla sadəcə, barışmalıyam. Başqa şeylər, peşmançılıq olmamalıdı.

 

- Albaniyada ilk vaxtların işlərin yaxşı gedirdi. Sonra nə problemlər oldu? Əsas narazılığın nə idi?

- Çox narahat klub idi. Həm şərait baxımından, həm də klubun rəhbərliyi. Albaniya futbolundan söz düşəndə, çox adam deyir ki, belə çətinliklərdən az-çox məlumatımız var. Bəlkə də oranın ən problemli klubudu.

 

- Maraqlıdı, "Kukesi"də komanda yoldaşlarınla əlaqən varmı? Səndən vəziyyətini xəbər alırlarmı?

- Bəli. Sağ olsunlar, komanda yoldaşlarımdan mənimlə maraqlananlar olub. "Qəbələ"yə keçəndə məni təbrik də etdilər. Bunlar həm futbolçular, həm də köməkçi məşqçilərdi.

 

- Ancaq baş məşqçi, klub rəhbərliyindən yox. Belə çıxır ki, əsas narazılığın onlarla olub...

- Narazılıq deyəndə, gördüm ki, orda qalmaq heç alınmır. Yaxşı klublarda oynamışdım, yaxşı şərait görmüşdüm. Getdim ordakıları gördüm, elə bil düşdüm başqa dünyaya. Çox çətin idi.

 

- Ancaq Albaniyaya səni heç kim zorla yollamamışdı...

- Əlbəttə, ora getmək öz seçimim idi. Azərbaycanda qalıb daha yaxşı kluba keçə bilərdim. Çünki ötən çempionatın bombardiri olmuşdum. Vətəndə qalıb yaxşı klubda oynaya bilərdim. Ancaq istədim ki, özümü xaricdə sınayım. Bizdə deyirlər ki, qorxur kənara çıxmağı. Mən qorxmadım, risk etdim. Amma bəlkə də bəxtim gətirmədi. Yaxşı kluba getsəydim, daha yaxşı olardı. Ancaq problemli kluba düşdüm.

 

- Müqavilənin pozandan sonra 3-cü kluba keçə bilməyəcəyin, bundan necə xəbərsiz olmağın böyük müzakirə obyektinə çevrildi. Doğrudanmı, beynəlxalq qaydalardan məlumatın yox idi?

- İnanırsınız, elə bir vəziyyətdə idim ki, 3-cü klub məsələsi gözümə görünmürdü. Yenə də çıxardım. Açığı, bilmirdim ki, bir mövsümdə 3-cü klubda oynaya bilmərəm. Çıxandan, klubdan transfer vərəqəmi alandan sonra belə bir şeyin olduğunu bildim.

 

- Ancaq bu addımına görə peşman deyilsən...

- Bəli, Qaydaları bilsəydim belə, müqaviləni pozacaqdım.

 

- Yəni beynin o qədər yüklənmişdi ki, orda qalmaq istəmirdin...

- O vəziyyətdə Albaniyada qalmaq istəmirdim. Elə bir vəziyyət idi...Komandanın adi oyun formasından 2-cisi yox idi.

 

- Yəni eyni rəngdə ikinci forma?

- Bəli. Qırmızı formada oynayırdıq. Hərəmizdə yalnız bir dəst vardı.

 

- Bəs cırılsa, necə olacaqdı?

- Problem yoxdu, elə formada da oynasaydıq.

 

- Deməli, kiməsə formanı hədiyyə etmək sadəcə, mümkün deyildi...

- (gülür) Bir forma götürmüşdüm ki, Albaniyadan yadigar qalsın. Hər halda, "Kukesi" karyeramda legioner olduğum ilk klubdu. Təsəvvür edin ki, evə kimi gəlib o formanı əlimdən almışdılar.

 

- "Kukesi"yə xarici menecer vasitəsilə getmişdin?

- Bəli. Hətta onu deyim ki, həmin meneceri müqavilədən sonra tapa bilmədim. Onunla əlaqəm olmayıb.

 

- Hardan tapmışdın o meneceri?

- Bakıda bir tanış insan var. O, məni tanış etmişdi. O, makedon idi, hazırda da vətənində yaşayır. Neçə dəfə çağırdım ki, bəlkə "Kukesi"ylə danışasan. Komisyon haqqını aldı, getdi. Adını da qoydu ki, rəhbərliklə bir az pul problemimiz olub, dalaşmışam, ora qayıda bilmərəm.

 

- Bu transferin yarımçıq qalmasında özünün günahın nədi? Çox klubun üstünə gedirik, meneceri günahlandırırıq....

- Öz günahım bu idi ki, bəlkə də getməməli idim.

 

- Yəni tələsik addım atdın...

- Bəli. Tam orayla tanış olduqdan sonra yollanmalı idim. "Kukesi"yə keçməyi 3 günə qərara aldım. Burda vəziyyət elə idi ki, "İnter"də sabahımızın necə olacağı bilinmirdi. Çempionat qurtarırdı, deyirdilər ki, komanda qalacaq, qalmayacaq. Dedim ki, xaricə getməklə bağlı belə bir şans varsa, istifadə edim. Ancaq dərin fikirləşmədim ki, klubun vəziyyəti necədi. Bir-iki nəfər dedi ki, prezidenti problemli adamdı. Buna da məhəl qoymadım, fikirləşdim ki, birtəhər yola gedərəm.

 

- 3-cü klub məsələsində istisna olaraq müəyyən ölkələrə gedib oynaya bilərdin. Niyə bunu etmədin? Təkliflər yox idi, yoxsa?

- Asiyadan təkliflər var idi.

 

- Real idi?

- Bəli. Başqa menecerlər vardı ki, Albaniyada oynayarkən onlarla münasibətim yaranmışdı. Onlar tərəfindən real təkliflər vardı. Bir az uzaqlığına görə "yox" dedim.

 

- Çoxmu uzaq idi? Ölkələrinin adını açıqlayardın, bilərdik..

- İki variant vardı - Tailand və İndoneziyadan. "Kukesi"dəki komanda yoldaşım yaxında İndoneziyaya getmişdi. O da mənimlə əlaqə saxladı ki, burda oynaya bilərsən. Dedim ki, məsafəyə görə istəmirəm, uzaq ölkədi. Dili də bilmirən. Bu kimi çətinliklər var. Ailə problemim yaranır.

 

- Bəs postsovet məkanından - Belarusdan, Qazaxıstandan?

- Bəlkə belə ölkələr olsaydı, gedərdim. Qazaxıstanda bir söhbət oldu, real olmadı.

 

- Bəlkə problem təklif olunan məbləğin aşağı olmasında idi? Çünki onlar sənin məcburiyyətdən ora getməli olduğunu bilirdilər və qəsdən cüzi məbləğ təklif edirdilər...

- Gürcüstandan təklif oldu, müqaviləni uzunmüddətli imzalamağı dedilər. Onlarda da çempionat martda başlayır. Dedilər ki, ilin sonunadək - qışadək anlaşaq. Ona görə mənə sərf etmədi.

 

- Karyerasında ildən-ilə eniş olan Rauf Əliyev özündə güc taparaq yenidən həminki formada ola, milliyə qayıda biləcəkmi?

- Fikrimcə, keçən il mənim üçün yaxşı oldu. "İnter"lə çempionatın bombardiri oldum, hətta milliyə qayıtdım. Baş məşqçi Robert Prosineçkiylə mübarizəm də olsa, yenə ara-sıra dəvət alırdım. Karyeram o qədər pis deyildi. Penaltidən qol vurmadığımdan məni çempionatın bombardiri saymaq olardı. Bir sözlə, 2017-ci il mənim üçün yaxşı keçdi, karyeramda eniş olduğunu deməzdim. Albaniyada da yaxşı başlamışdım, sonra çətinliklər oldu.

 

- Prosineçkiylə mübarizən nə ilə bağlı idi? O, səni ötən ilin martında Qətərlə yoldaşlıq görüşünə aparsa da, qayıdandan sonra Almaniya ilə rəsmi oyuna hazırlıqdan kənarda qoydu...

 

- Prosineçki məni sevmirdi də. Hər bir baş məşqçiyə kənardan təzyiq olanda ki, filan oyunçu çağırmalısan, ona xoş olmur. Özünü "sınmış" kimi hiss edirdi, əksinə gedir.

Mərdan HƏSƏNOV, Qəbələ





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right