“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşdıqları "Qəbələ" ilə oyundan (1:1) sonra Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib.
- Öncə oyunla bağlı fikirlərini bölüşərdin...
- Gördüyünüz kimi, heç də asan oyun olmadı. Çünki "Qəbələ" evdə yaxşı oynayan komandadı. Biz də xal dalınca gəlmişdik. Əslində qələbə üçün gəlmişdik, amma yekunda 1 xalla kifayətləndik. Şəxsi fikrimdi ki, bizim qol imkanlarımız daha çox oldu. Sadəcə, istifadə edə bilmədik. Bununla belə, səfərdə 1 xal qazanmaq da pis nəticə deyil.
- Baş məşqçiniz də mətbuat konfransında bildirdi ki, rəqibi bütün komponnetlərdə üstələdiniz...
- Mənim də fikrimcə, elədi. Kənardan da biz daha yaxşı görünürdük. Baş məşqçimiz də rəqibi yaxşı təhlil etmişdi.
- Sanki "Qəbələ" bir az sizə yuxarıdan aşağı baxırdı...
- Mən belə düşünmürəm. Çünki biz 8 oyundu məğlub olmurduq. Bu gün də daha yaxşı oynadıq.
- Bu xalla Avropa Liqasına bir qədər də yaxınlaşdınız. Yoxsa düşünürsən ki, bu haqda "Neftçi" ilə oyundan sonra danışmaq olar?
- Hələ Avropa Liqası haqda danışmaq tezdi. Qarşıda 7 tur var. İndidən desək ki, Avropa Liqasına düşmüşük, bu, yalan olar. Çünki arxamızdan "Zirə", "Neftçi" gəlir. Çətin olacaq, amma çalışacağıq ki, 7 oyunun hamısına final oyunu kimi baxaq və yaxşı nəticə əldə edək.
- "Neftçi" ilə oyun haqda nə düşünürsən?
- Hələ vaxta var və yəqin ki, baş məşqçimiz "Neftçi"ni də təhlil edəcək.
Mərdan HƏSƏNOV, Qəbələ