"Sumqayıt" klubunun prezidenti Kamran Quliyev newsport.az-a müsahibəsi.
-2014-cü ili “Sumqayıt” adına necə dəyərləndirərdiniz?
Çox yaxşı anlar yaşamışıq. Stadionumuz 2013-cü ildə açılıb amma onun dadını biz 2014-də bilmişik. Bundan əlavə 2013-ün qışını biz ən zəif komanda kimi başa vurmuşduq. Ondan sonra yeni transferlər etdik və komanda özünü toparladı. Böyük komandalar ürəzində qələbə qazandıq və yeni adlar üzə çıxdı. Bunlardan biri də Məhəmməd Qurbanovdur ki, bir çox klublar bu futbolçu ilə maraqlanırlar. Məhəmməddən əlavə də bir neçə futbolçumuz klubların maraq dairəsinə düşdü. 2014-də yeni layihələrə start verildi. Düşünürəm ki, bizim yay futbol düşərgəsi çox uğurlu alındı. Futbol baxımından da bu il uğurlu oldu bizim üçün. Bu sezon ilk həftələrdə turnir cədvəlində lider idik. Birinci yerə gücümüz çatmadı, sonrada qələbəsiz seriyamız başladı və uzun çəkdi bu seriya. Amma komandamız özünü toparladı. Son sezonda bizim azarkeş sayımız ötən illərə nisbətən dəfələrlə artıb. Bizim stadionun azarkeş tutumu çox deyil. Amma stadionumuzun ümumi azarkeş tutumunun ona gələn azarkeş nisbətinə görə, biz ölkədə birinci yerdəyik. Demək olar ki, bizim bütün oyunlara hətta həftə içi günlərdə belə keçirilən matçlarda stadionumuz dolu olur. Stadionun azarkeş tutumu az olduğu üçün hətta stadionun çevrəsində belə insanlar olur. Biz həm Sumqayıtın komandasıyıq, həm sumqayıtlıların komandasıyıq, həm də “Sumqayıt” futbolçularının komandasıyıq. Demək olar ki, heyətdə yer alan futbolçuların çoxu Sumqayıtlılardır. Klubda bizdə ayrıseçkilik yoxdu amma sumqayıtlıların uğuruna həm biz, həm azarkeşlər, həm oyuna gələn qohumları sevinir, ona görə də biz üstünlüyü sumqayıtlılara veririk.
- “Sumqayıt” komandasının uğurlalarından danışdıq. Bəs uğursuzluqlar haqqında nə deyə bilərəsiz? Hansı məqamlar oldu ki, siz komandadan uğur gözləyirdiz amma tərsi oldu?
İdman baxımından uğursuzluqlar daha cox olub. Komanda ancaq Premyer Liqada qalmaq uğrunda mübarizə aparıb, amma nə vaxtsa ayağa qalxmaq lazımdı, oda müəyyən zaman tələb edir. “Sumqayıt” digər klublarla müqayisədə həm heyətinə görə, həm də yaşına görə cavandır. Klubumuz yalnız azərbaycanlı futbolçulardan təşkil olunub və bu bizim uğurumuzdur. Amma uğursuzluq odur ki, biz istəyərdik daha yaxşı pillələrdə qərarlaşaq. Son 6 ay ərzində komandamız bir neçə oyunda gözəl oyun göstərərək məğlub olub ki, həmin oyunlarda qələbə qazana bilsəydik, biz hal-hazırda ən azından 5-ci pillədə qərarlaşa bilərdik. İndi də 5-ci yerdə gedən komandadan cəmi 6 xal geridəyik. Təcrübəsizlik var, hardasa məsuliyyətsizlik də olub. Qışda 3-4 futbolçunu əvəzləyirik ki, onlar komandaya lazım olanı verə bilməyiblər. Ümumən götürəndə azarkeşlərin haqqı var ki, bizdən nəsə istəsinlər amma hər şey zamanla daha yaxşı olar. Biz yaxşı gənc futbolçularla müqavilə uzadırıq ki, gələcəyin komandasını quraq. Möhkəm komanda formalaşdırmaq üçün bizə vaxt lazımdır. Legionerləri başımıza yığıb bir ayın içində yaxşı komanda yaratmaqa nə var ki. Amma biz elə azərbaycanlılardan ibarət komandanı nə vaxtsa güclü edəcəyik. Biz buna inanırıq.
- Sizin də qeyd etdiyiniz kimi “Sumqayıt” klubuna azarkeş marağı böyükdür və gündən günə də artır. Belə bir azarkeş ordusunun qabağına iddialı bir komanda çıxartmaq lazımdır. Azarkeşlər də gec-tez bunu tələb edəcəklər.
Mən demirəm 1 və ya 2 ilə, amma nə vaxtsa bu komanda iddialı olacaq. Buna əminəm və klubun azarkeşlərinə mesaj olaraq demək istəyirəm ki, inanın bu komandaya... Təzə qurulmuş bir komandayıq amma görün hansı klublara qalib gəlmişik. Bəzi klublar isə Liqaya gəlirlər heç bir uğurları olmur eləcədə qayıdırlar birinci diviziona. Biz dəfələrlə “Neftçi”ni, “Qarabağ”ı, “Xəzər Lənkəran”ı məğlub etmişik və bu yaddaşlarda qalıb. Mən də istəyərəm ki, bizim muzeyimizdə medal olsun, kubok olsun amma vaxt gələcək bunlar da olacaq. Təməlini qoyuruq ki, nə vaxtsa olsun. Nə qədər düz iş qurmuşuq bunu zaman göstərəcək.
- “Sumqayıt” klubundan ən yaxşı vaxtlarında “Xəzər Lənkəran”a transfer olunan Uğur Pamuk və Orxan Əliyev özünü göstərə bilmədi və geri qayıtdı, bu nədən irəli gəlir?
Ola bilər ki, futbolçu gedir hər hansı kluba və ora, ordakı mühitə adabtasiya ola bilmir. Bu o demək deyil ki, burdan hər hansı bir futbolçu “Xəzər Lənkəran”a getsə özünü tapa bilməz. Futbolçu var ki, cavan olduğu üçün getdiyi komandada açıla bilmir çünki ordakı təziq bizimkindən daha çoxdu. Sadəcə futbolçular həmin kollektivə uyğun gəlmədilər. Mən buna görə, ən çox futbolçuda günah görürəm. Əgər futbolçu gedir, özünü göstərə bilmirsə bu onun problemidi və günah da özündədir.
- Bizim elə futbolçularımız da olub ki, gediblər və oyularını gösdərə biliblər. Bunlara misal olaraq Məhəmməd Mirzəbəyov, Mirzağa Hüseynpur, Ruslan Qurbanov, Badavi Hüseynov və.s futbolçular deyə bilərik. Biz bu futbolçuları qazandırmışıq Azərbaycan futboluna...
- Əlinizdə Məhəmməd Qurbanov kimi yaxşı futbolçular var ki, komandalar onu almaq istəyir. “Sumqayıt” hazırdırmı onu satmağa?
Bu futbolun tarixidi. Pillələr var, futbolçular istəyir ki, formada olanda daha yüksək pillələrdə olsunlar. Hamı istəyir ki, avroliqada çıxış etsinlər, burda aldığlarından daha yüksək maaş alsınlar.
- 2015-ci ildə gözləntilər nədir “Sumqayıt” adına. Nə yeniliklər gözləmək olar klubdan?
Bizim 2014-cü il başlayanda ancaq və ancaq Premyer Liqada qalmaq fikrimiz var idi. Bu il isə çempionatda daha yüksək pillələr üçün mübarizə aparmağa şansımız var. Bunun üçün də Uğur Pamuku qaytardıq, Pərviz əməliyyat olunub və o da artıq qayıdır. Bununla yanaşı bəzi oyunlarda səhvlər olurdu, hansiki bunlar uşaq səhvləridir. Həmin səhvlər üzərində işləyəcəyik. Gözlənilir ki, bu il komanda daha çox xal yığacaq.
- Kamran məllim, komandanın uğurlarından, uğursuzluqlarından danışdıq. Biraz hisslərinizdən də danışaq. İlk 5, 6 turda komanda liderlər sırasında yer alanda hansı hissləri keçirirdiz?
Məndən müsahibə aldılar “Bakı” oyundan sonra, dedim: “Nəticəmizi biz qışda görəcəyik”. Təbii ki, xoş idi ilk pillələrdə olmaq. Amma bir həqiqət də var ki, “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran” kimi klublarla mübarizə aparmaq heç də asan deyil. Yenə deyirəm biz liderlərdən elə də aralıda deyilik. 4-cü pillədə qərarlaşan komanda ilə aramızdakı xal fərqi 5-dir. Çalışacağıq ki, yenə də yuxarı pillələrdə qərarlaşaq.
- “Qəbələ” ilə keçirilən son oyunda yaşananlar barədə nə deyə bilərsiz?
“Qəbələ” ilə son oyunda biz onlara dərs keçmişik. Bizim həmin oyundan gözləntilərimiz böyük idi. Çoxlu şanslarımzı olduki istifadə edə bilmədik. Penalti epizodunda hirsləndim və sonra fikirləşdim ki, stadionda 1300-dən çox adam var, Rəhim Həsənova kimsə nəsə atsa və yaxud burdan stadiona düşüb, ona hücum etsə onun cəzasını biz çəkərik. Biz bu qədər əziyyət çəkmişik ki, hansısa cəza olsun əziyyətimiz hədər olsun?! Ona görə mən stadiona çıxdım ki, Rəhimi öldürməsinlər. Ona qarşı heç bir artıq hərəkət etmədim heçnə də demədim. Sadəcə olaraq söylədim ki, “Rəhim ayıbdır, orda penalti yox idi” sonrada özümlə birgə stadiondan çıxardım ki, onu döyməsinlər.
Hacı Mərdan