Azəbaycan Premyer Liqasının 21-ci turunun açılış matçında səfərdə “Kəpəz”in qonağı olan “Zirə”nin baş məşqçisi oyunsonrası mətbuat konfransı keçirib.
Newsport.az saytının məlumatına görə, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bildirib.
- Gərgin, maraqlı oyun alındı. Bilirdik ki, qış fasiləsindən sonra “Kəpıəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq da, layiqli oynayıblar. Bizim komandaya gəlincə, təəssüf ki, 3-4 real qol şansımız olsa da, bunu bacarmadıq. Bütün hallarda uşaqlar əzmkar futbol sərgilədi və yetirmələrimdən razı qaldığımı deyə bilərəm.
- 7-ci oyundu ki, “Zirə” qələbə üzünə həsrətdi. Bəlkə bilmədiyimiz nəsə var?
- Bütün oyunlarda eyni mərəz: bu görüşlərin əksəriyyətində əla qol şanslarımız olur. “Qəbələ” ilə səfərdə bir sıra oyunçumuz cəzalandırıldı. Ancaq hər bir görüşdə real qol şansları yaxalayırıq.
- Son günlər mətbuatda rəhbərliyin nəticələrdən narazı qaldığı bildirilir. Hətta yerinizə namizədlər adı da hallanır...
- Mətbuatın işi yazmaqdı. Rəhbərliyin qələbəsizlik seriyasından məmnun olduğunu deyə bilmərəm. Ancaq rəhbərliklə görüşümüz olub və arxamızda dayandıqlarını bildiriblər. Uğur olanda yazmırdılar, indi yazırlar. Bunun da səbəblərini bilirəm. Bu komanda mənə doğmadı və hamıdan çox uğur qazanmağımızı mən istəyirəm. (Sport24.az)