AFFA-nın martın 7-də keçirilən Hesabat Konfransında qurumun baş katibi Elxan Məmmədov Media Komitəsinin (MK) bundan sonra da fəaliyyət göstərəcəyini, amma formatında dəyişikliklər olacağını söyləmişdi. Bununla bağlı Media Komitəsinin sədri Mahir Rüstəmli ilə danışdıq. Məsələ ilə bağlı Media Komitəsinin İdarə heyətinin üzvlüyündən imtina etmiş Elçin Cəlilovla da söhbətləşdik:
- Media Komitəsinin taleyi necə olacaq?
- Bunu məndən niyə soruşursunuz? Komitədə sıravi üzvlərdən biriyəm. İdarə Heyətindən 1 ilə yaxındı istefa vermişəm.
- AFFA-nın baş katibi Elxan Məmmədov bildirmişdi ki, yeni format olsa yaxşıdır, buna münasibətiniz?
- Heş bir münasibətim yoxdur. Real və ciddi addım atılmasa, heç bir fikrim olmayacaq.
- Bəs hansısa təklifiniz, ideyanız olmayıbmı?
- Hara, kimə?
- Media Komitəsi gələcəkdə necə olsun, bu haqda...
- Təklifim, ideyam varsa kimə etməliyəm bunu? Təklifşünasam? Hər dəfə təklif ver, icra olunmasın.
- Deməli, etmisiniz, icra edilməyib?
- Mən jurnalistikada 4 il bakalavr, 2 il də magistratura təhsili ona görə almadım ki, kiməsə havayı ideya verim. Daha məhəbbətə işləməyimiz getdi. Vacibdir, lazımdır?- buyursunlar, hər şeyin qiyməti var. Hər səviyyənin öz qiyməti - kapitalizmin ana qaydası.
- Bu, bizim təşkilatdı, media üçün yaradılıb
- Mən belə bir şey hiss etmirəm. "Bizim təşkilat" olsaydı, bu halda olmazdı.
- İdarə Heyətinin sədri Mahir Rüstəmlidən müsahibə almışıq. Komitə mövzusunda ilk müsahibəni ondan götürmüşük və bu mövzunu genişləndirəcəyik. İstəyirik siz də bu haqda fikirlərinizi bölüşəsiniz.
- Oxumuşam müsahibəni. Mahir Rüstəmliyə hörmətim böyükdür.
- Vəssalam? Elə bu?
- Konkret sualınızı verin, cavabım olsun.
- Mahir bəylə razı olduğunuz və olmadığını məqamları bilmək istərdik.
- Razı olmadığım məqamlar var. Məsələn, son layihə seçimində bizim sayta qarşı cavab verə bilməyəcəkləri qərarlar verdilər, sonra olanlar da çatışmazlıq oldu. Heç nə danışılmayıb, müzakirə edilməyib. Nə danışım daha? Ümumiyyətlə, onluq da bir şey yoxdu burda.
- Siz də komitənin idarə heyətində olmusunuz. İstefanız çox səs-küy yaratmışdı. Ona görə də sizin fikirləriniz vacibdir.
- Fikrim vacib-filan deyil. Olanları danışıb, oxucunun zəhləsini tökmək istəmirəm. Bu təşkilatın məqsədi nədir ki, ümumiyyətlə? Kim, niyə yaratdı?
- Bəs komitənin hazırkı İH səlahiyyət müddəti bu ayın sonunda bitir. Necə olacaq sizcə?
- Heç nə bilmirəm, maraqlanmıram. AFFA-nın illik hesabat konfransında baş katib açıqladı ki, media nümayəndələriylə görüşlər olacaq. Hələ heç bir görüş olmayıb. Özünə hörmət qoyan şəxs üçün qarşı tərəfin bu cür səhlənkar davranışı yolverilməzdir.
- Seçki olsa, qatılacaqsınız?
- Bir neçə hörmət elədiyim həmkar var. Onlarla məsləhətləşmədən heç nə etməyəcəm. İdman mediasına qarşı münasibət xoş deyil. Bunu özümüzə yaraşdırmırıq. Guya çox çətindir düzəltmək. Əslində, çox asan mexanizmi var.
- Nədir o mexanizm?
- Bayaq dedim, havayı ideya verən deyiləm. Bu təşkilatın məramını anlamasam, təmənasız heç nə edən deyiləm.
- Bəs komitə olmasa, necə olacaq?
- Xoruz banlamırdı, səhər açılmırdı?
- Açılırdı.
- Bəli. Çox sağ olsun Elxan Məmmədov, vaxtilə belə ideya verdi, topladı hamını. Ancaq mexanizmi olmayan yerdə xaos baş qaldırar. Mən özümü hörmətsiz hiss etdiyim yerdə yoxam və düşünürəm ki, bu xüsusiyyətimlə tək deyiləm.
- Belə bir fikir də var ki, bu ideya veriləndə AFFA tərəfindən yalnız elekton mətbuat nəzərdə tutulmuşdu.
- Yaxşı verdiniz bu sualı. Bu fikri ortaya atanlar ara qarışdırıb, aparıcı media qurumlarını bir-birinə qarşı çıxartmaq istəyənlərdir.
Mərdan HƏSƏNOV