AFFA-nın martın 7-də keçirilən Hesabat Konfransında qurumun baş katibi Elxan Məmmədov Media Komitəsinin (MK) bundan sonra da fəaliyyət göstərəcəyini, amma formatında dəyişikliklər olacağını söyləmişdi. Bu və başqa məsələlər ilə bağlı MK-nın İdarə Heyətinin sədri Mahir Rüstəmli ilə söhbət etdik.
- Əvvəlcə Media Komitəsinin ötənilki fəaliyyətinə toxunaq. Başçılıq etdiyiniz qurumun son 1 ildəki işini necə qiymətləndirirsiz?
- Əvvəlki müsahibələrimdə də demişəm, indi bir daha vurğulayıram ki, Media Komitəsinin fəaliyyəti ideal deyil. O fikirlə razıyam ki, bizə yönəlik gözləntiləri obyektiv və subyektiv səbəblər üzündən doğrulda bilmədik. Eyni zamanda vəziyyətin faciəvi olduğunu da düşünmürəm. Mövcud imkanlar və büdcə daxilində Azərbaycan idman mediasının inkişafına, onun maddi-texniki dayaqlarının möhkəmlənməsinə, jurnalistlər arasında həmrəylik meyillərinin güclənməsinə bu qurum müəyyən qədər kömək edə bilib.
- Elxan Məmmədov konfransdan sonra keçirilən mətbuat konfransında bildirdi ki, MK-nın iş prinsipində dəyişikliklər olacaq.
- Bizimlə bu haqda ilkin söhbət olub. Sadəcə, müəyyən fikirlər bildirilib ki, komitənin fəaliyyətini gücləndirmək lazımdır. Belə hesab edirəm ki, heç bir halda ideal format tapmaq mümkün deyil. Çünki jurnalistika, xüsusən də idman jurnalistikası elə sahədir ki, burda mütləq narazılar tapılacaq. Kiminsə maraqlarına toxunan kimi hay-küy qalxır, haqlı-haqsız narazılıq dalğası baş qaldırır. Bu səbəbdən şəxsən mən inanmıram ki, ideal format tapmaq mümkün olsun. Sadəcə, müəyyən dəyişikliklər etmək olar. İstər quruma üzvlük, istərsə layihələrin verilməsiylə bağlı qaydaları sərtləşdirmək lazımdır. Lakin bütün bunlardan sonra da kimlərsə özünü böyük, kimlərsə kiçik sayacaq, hər kəsin sayğacı qarışdırması üzündən obyektiv reytinq göstəricilərini əldə etmək mümkün olmayacaq. Yenə də səfər davaları başlayacaq. Hərçənd MK-nın fəaliyyəti dövründə bu yöndə və istinadlarla bağlı söz-söhbət, dava-dalaş xeyli azalıb. Həmkarlarımız bir-birini əvvəlki qədər “qırmırlar”. Təki hər şey yolunda getsin, lakin mən şəxsən Media Komitəsinin formatında dəyişiklik etməyi əsas çıxış yolu saymıram.
- Formatla bağlı təkliflər varmı?
- Təkliflər ayın sonuna qədər hazır olacaq və Elxan Məmmədova təqdim olunacaq. Təkliflərin hansı qəbul olunacaq, hansı olunmayacaq - bununla bağlı heç bir fikrim yoxdur. Lakin belə hesab edirəm ki, bu prosesdə gecikmələr var. Elxan bəy həmin konfransda demişdi ki, apreldə bu məsələyə dönüləcək. Amma İdarə Heyətinin indiki üzvlərinin səlahiyyət müddəti martın sonunda bitir.
- Gecikməyə səbəb nədir?
- Uzunmüddətli bayram tətilləri, bundan başqa, yığmanın oyunları və Elxan Məmmədovun tez-tez ölkə xaricində olması. Ümumiyyətlə, hamı üçün uyğun bir vaxt tapmaq mümkün olmur və nəticədə gecikmələr baş verir.
- Bəlkə bu komitənin Elxan Məmmədov üçün heç bir önəmi yoxdur?
- Yox, mən belə düşünmürəm. Dediyiniz kimi olsaydı, AFFA İcraiyyə Komitəsinin iclasında bu məqam hansısa şəkildə əsaslandırılar və komitənin fəaliyyətinə son qoyulardı. Sadəcə, Elxan Məmmədov daha güclü MK görmək istəyir. Həm də komitə onun üçün lazımdır ki, paytaxtımızın da evsahibliyi edəcəyi AÇ-2020 üçün rus və ingilis dillərini mükəmməl bilən jurnalist korpusu formalaşsun, onlar ölkəmizi layiqincə təmsil edə bilsinlər və eyni zamanda gələcək inkişaflarının təməlini qoysunlar. Müəyyən addımlar atıldı. Dil kurslarımız oldu. Amma proses davam etməlidir.
- MK-nın “feysbuk” səhifəsində elan qoymuşduz. İdman saytlarından sizə format, işin yenidən qurulması ilə bağlı hansısa təklif gəlibmi?
- Müəyyən təkliflər var. Komanda.az saytının baş redaktoru Rəşad Ergüntəkliflərini göndərib. İdman Araşdırmaları Mərkəzinin rəhbəri Elşən Məmmədovun maraqlı təklifləri var. Bundan başqa, idarə heyətinin üzvlərindən Araz Əhmədov və mən müəyyən təkliflər paketi hazırlamışıq. Yəqin ki, bunlar ümumiləşdiriləcək, toplanacaq və sənəd halına salınacaq.
- Elxan müəllimlə görüşdən əvvəl Media Komitəsinin üzvləri ilə hansısa toplantı nəzərdə tutulurmu?
- Bu haqda sabahkı iclasımızda qərar veriləcək.
- Növbəti seçkidə namizədliyinizi irəli sürəcəksizmi?
- Bu haqda yekun qərarımı verməmişəm. Lakin hazırda daha çox namizədliyimi irəli sürməmək haqda düşünürəm. Çünki bir qrup, özünü yenilikçi sayan adam fikirləşir ki, orda Mahir Rüstəmli olmasa, daha yaxşı olar və biz fəaliyyəti daha səmərəli qurarıq. Mən də həmin adamlara meydan vermək istəyirəm. Ancaq irəlidə nə olacağını bilmək olmaz.
- Media Komitəsinin inkişafı üçün nə lazımdır? Ümumiyyətlə, belə düşünmürsünüz ki, sizi yarıyolda qoyanlar oldu?
- Yarıyolda qoyanlar öz yerində. Lakin mən belə düşünürəm ki, Media Komitəsinin güclü olması üçünümimilikdə ölkədə jurnalistika sahəsində fəqli mühit yaranmalıdır. Düzgün iqtisadi münasibətlər sistemi, reklam bazarı formalaşmalıdır. Bizə, adətən, Türkiyə ilə Rusiyadanı örnək göstərirlər. Lakin onlarda olan şəraitin yarısı, iqtisadiyyatda və jurnalistikada olan liberal mühit Azərbaycanda yoxdur. Bunun üçün də onlarla bərabər iş görməyimizi tələb etmək mənə gülməli görünür.
- Bu qurum fəaliyyətə başlayan vaxt gözlənilirdi ki, maliyyə baxımından təkcə AFFA-dan asılı olmayacaq. Başqa şirkətlərin, fedarasiyaların sizə dəstək olacağı bildirilirdi. Lakin bunu görmədik. Bu haqda nə deyə bilərsiz?
- MK-nın əsas donorları AFFA, PFL, Gənclər və İdman Nazirliyidir. Onlar da sağolsunlar ki, dəstəklərini göstərdilər. Başqa qurumlarla biz görüşdük və məndə ən çox təəssüf doğuran məqam o oldu ki, klublar bu məsələyə çox laqeyd yanaşdılar. Klub rəhbərləri komitəyə AFFA-nın layihəsi kimi baxdılar. Bəlkə də bu məqam onlarda qıcıq yaratdı. “Formula-1”in Bakı mərhələsinin təşkilat komitəsi, konkret Nigar Arpadarai ilə görüş isə daha faciəvi idi. Adam ölkənin aparıcı mətbu orqanlarını tanımırdı. Media ilə bağlı qurumlarla da görüşdük və burdan da bir nəticə çıxmadı. Elə hesab etdilər ki, biz onlardan pul istəməyə getmişik. Təbii ki, elə deyildi. Bütün bunların fonunda 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçirilərkən müəyyən yardım gördük ki, bu işdə araçılıq edən Sənan Şəfizadəyə təşəkkür edirəm.
- Düşünmürsüz ki, özünüzə yaxın hesab etdiyiniz qurumlardan laqeydlik gördüyünüz halda, şirkətlərə müraciət düzgün çıxmazdı?
- Ölkənin ən tanınmış idman jurnalistləri “Formula-1”ə gördüyümüz işin mahiyyətini başa sala bilmədisə, futbola, idmana kilometrlərlə uzaq olan təşkilatlara nəyi anladaq? Bu üzdən də bir qədər sustaldıq.
- Bəlkə qurumun “AFFA yanında Media Komitəsi” adlanması müəyyən çətinlik törədir?
- Xeyr, mən belə bir buxov görmürəm. Kimsə dəstək olmaq istəyirsə, qalan bütün səbəblər, sadəcə, bəhanədir. Burda ad olaraq heç bir maneə görmürəm. Bir neçə klub var idi ki, Media Komitəsinin fəaliyyəti ilə bağlı konkret məbləğlər söz vermişdilər. Lakin heç 10 manat da vermədilər.
- Belə çıxır ki, MK-nı klublar aldatdı...
- Daha dəqiq ifadə etsək, klublar vəd etdiyi dəstəyi vermədilər.
- MK-nın gələcəyini necə görürsüz?
- Komitə institut kimi daha da güclənməlidir. Burda daha böyük, ciddi qurumlar təmsil olunmalı, bir çox öhdəliklərə imza atmaqla pakt imzalamalıdılar. Saytlar razı qaldı-qalmadı, birləşməklə bağlı konkret addlmlar atılmalıdır. MK-daminimum 3 yaradıcı əməkdaşı olan sayt və 8-9 əməkdaşı olan qəzetlər qalmalıdır. Yəni bütün güclü qurumlar burda birləşməlidir. Başqa yöndə də bizə kömək lazımdır. Ötən dövrdə AFFA-ya başqa ölkəyə gedib, orda bu sistemin necə idarə olunduğunu, idman jurnalistikasının necə tənzimləndiyini öyrənmək üçün müraciət etsək də, bu məsələdə bizə heç bir yardım edilmədi. Fəaliyyətimizi də kifayət qədər reklam edə bilmədik. Hətta quruma üzv olan saytlar, qəzetlər belə qurumun gördüyü işləri yetərincə reklam etmədi. Bunun nə ilə bağlı olduğunu bilmirəm. Halbuki lazımi qədər tədbirlərimiz oldu. Hətta ildə bir-iki dəfə “CBC Sport”un efirinə çıxıb, hesabat vermək fikrimiz var idi. Lakin təəssüf ki, mümkün olmadı. “CBC Sport”un rəhbəri Volkan Üstlə görüşdə razılaşmışdıq ki, ilin sonunda hesabat xarakterli proqram hazırlayaq. Təəssüf ki, bu yaxşı ideya ideya olaraq qaldı.
- 2018-in yanvar ayı üçün layihələrə pul ayrılmadı...
- Büdcə ilə bağlı müəyyən çətinliklər vardı və bu üzdən alınmadı.
- Bəs bu ilin fevral ayının pulu niyə hələ də ödənilməyib?
- Hesablaşmalarla bağlı yeni ildən müəyyənləşən bəzi qaydalar köçürməni ləngidir. Güman edirəm ki, yaxın günlərdə həll oluanacaq.
Mərdan HƏSƏNOV