Premyer Liqada 2014/2015 mövsümündə 18 tur arxada qalıb.
Newsport.az-ın məlumatına görə, "Sumqayıt"ın rəsmi saytı vurulan, buraxılan qollar, vərəqələr və azarkeşlərlə bağlı bəzi məqamlara toxunub.
"Sumqayıt" FK 2014/2015 mövsümünün ilk iki dövrəsində 16 qol (I tur +3 "Qarabağ") vurub və qapısından 27 top buraxıb. Arxada qalan 18 turda komandanın ən sərrast futbolçusu Məhəmməd Qurbanovdur. 22 yaşlı forvard 7 qolla klubdaxili siyahıya başçılıq edir. Nəzərinizə çatdıraq ki, Məhəmməd 2 qolu penaltidən aktivinə yazıb. Həmçinin, adıçəkilən futbolçumuz Premyer Liqanın bombardirlər siyahısında Nurlan Novruzov (Bakı) və Mikel Alvarodan (İnter) sonra siyahıda 3-cü pillədə qərarlaşıb.
Yarımmüdafiəçimiz Orxan Əliyev isə 4 qolla "Sumqayıt" FK-nun ikinci ən sərrast futbolçusudur. Kiyan Sultanpur və Tofiq Mikayılovun aktivində isə 2 qol var. Bir qol isə Ramazan Abbasov tərəfindən qeydə alınıb.
"Sumqayıt" FK arxada qalan 2 dövrə ərzində qapısından 27 top buraxıb. Andrey Popoviç qapısında 15, Şahruddin Məhəmmədəliyev isə 12 top görüb.
"Sumqayıt" FK-nun futbolçuları 2 dövrə ərzində yalnız bir görüşdə qırmızı vərəqə ilə cəzalandırılıb (Vurğun Hüseynov).
Arxada qalan turlar ərzində komandamızın heyətində ən çox sarı vərəqə alan futbolçu isə Aleksandr Çertoqanovdur. O, 6 görüşdə hakimlər tərəfindən bu cəzaya məruz qalıb. Müdafiəçimiz Bəxtiyar Həsənalızadə isə 5 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
"Sumqayıt" FK arxada qalan 18 turun 9-da rəqiblərini doğma meydanda qəbul edib. Komandamızın "Kapital Bank Arena"da keçirdiyi görüşləri 11780 tamaşaçı izləyib.
VURULAN QOLLAR: Məhəmməd Qurbanov 7 (2), Orxan Əliyev - 4. Kiyan Sultanpur - 2. Tofiq Mikayılov (2), Ramazan Abbasov.
BURAXILAN QOLLAR: Andrey Popoviç - 15, Şahruddin Məhəmmədəliyev - 12.
SARI VƏRƏQƏLƏR: Aleksandr Çertoqanov (6), Bəxtiyar Həsənalızadə (5), Tagim Novruzov (4), Orxan Əliyev - 4, Nodar Məmmədov (4), Vurğun Hüseynov (3), Tərzin Cahangirov (3), Məhəmməd Qurbanov (2), Şahruddin Məhəmmədəliyev (2), Slavik Alxasov (2), Ramazan Abbasov, Ruslan Poladov, Tofiq Mikayılov, Budaq Nəsirov, Təvəkkül Məmmədov.
QIRMIZI VƏRƏQƏ: Vurğun Hüseynov.
"Kapital Bank Arena" azarkeş sayı: 9 tur ərzində (11780 nəfər tamaşaçı)