I Divizion təmsilçisi "Sabah"ın baş məşqçisi Arif Əsədov yoxlama görüşü çərçivəsində "Neftçi"yə 0:1 hesablı uduzduqları matçdan sonra Futbol11.az-a müsahibə verib.
Newsport.az həmin müsahibəni təqdim edir:
- Bizim hazırlığın 3-cü mərhələsi idi. Flaqmanımızla oyunda bir daha zəif cəhətlərimizi görmək istəyirdik. Bu səbəbdən “Neftçi”ni seçdik. Belə oyunlarda səhvlər daha çox olur. Müdafiədə yaxşı oynadıq. Hücumda çatışmayan cəhətlərimiz var. Bəzi oyunçular yeni qoşulub. Məhəmməd Qurbanovu da sıralarımıza yeni qatdıq. Anlaşmalarında problemlər var. Bunu aradan qaldıracağıq.
- “Uğur”la matçda 2:4 hesabı ilə uduzmuşduz. Bu oyunda isə “Neftçi” sizi çətinliklə məğlub etdi. Bu oyunlarda nə fərq var idi?
- “Uğur"la oyun planlaşdırılmamışdı. İkinci mərhələdə 3 oyun planlaşdırmışdıq. Baxışa gələn futbolçuları “Uğur”la görüşdə sınadıq. Yeni gələnlərə baxdıq və yola saldıq.
- “Sabah” AFFA-ya I Divizionda iştirak etmək üçün lazımı sənədləri təqdim edib?
- Bu sualları rəhbərliyə vermək lazımdır. Komandanı formalaşdırmaq əsas məqsədimizdir. Bu, uzunmüddətli proyektdir.
- Sizin rəhbərlik etdiyiniz “Neftçi” güclü idi, yoxsa indiki?
- Həmin “Neftçi” daha motivasiyalı idi. Komanda daim qələbə üçün oynayırdı. Futbolçular və rəhbərlik həmişə qələbə üçün köklənib. Komanda ancaq çempionluq üçün oynayırdı. 5 oyun qələbədən sonra 1 heç-heçə edəndə yaxşı nəticə sayılmırdı. İndi isə “Neftçi”də son zamanlar eniş müşahidə edilir. Həmin ruh bir az çatışmır. Ancaq bunun düzələcəyinə inanıram. Tərlan Əhmədovun gəlişindən sonra hiss olunur ki, komandaya yeni ruh gətirib.