“Alesio onları “vurmaq” üçün “silah” tapacaq” - Elxan Tağızadə MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarını tribunadan izləyən və yığmamızın ən fəal azarkeşlərindən olan İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

 

Newsport.az xəbər verir ki, komandamızın qrupdakı çıxışını dəyərləndirən Tağızadə Portuqaliya ilə 1/4 final matçı barədə də fikir bildirib.

 

- Yığmamızın qrup mərhələsindəki hər iki oyununu izlədiniz. Təəssüratlarınız necədi?
- Maraqlı oyunlar oldu. Fransa yığması ilə qarşılaşmada qələbə qazanmalı idik, qazandıq. Düzdü, fransızların ispanlardan xal alması müəyyən qədər təzyiq yaratmışdı. Ancaq həmin təzyiq həm də oyunçuların məsuliyyətini artırmışdı. Hər şey yekun hesabın xeyrimizə olması üçün idi. İspanlarla oyun isə çox ağır keçdi. Rəqib 7 dəfə Avropa, 2 dəfə dünyanın ən güclüsü olub. Hazırkı çempionatda da qalib olmağa əsas namizəddilər. Bir top fərqi ilə uduzduq onlara. Yeri gəlmişkən, bu, qrup mərhələsində qeydə alınan ən kiçik hesabdı. Birinci görüşdə qazanılan qələbə 1/4 finala vəsiqəni təmin etmişdi. Ancaq biz qrup lideri kimi növbəti mərhələyə yüksəlməyi və Ukrayna ilə qarşılaşmağı istəyirdik. Bu komanda ilə üz-üzə gəlsəydik, yarımfinala adlamaq şansımız çoxalacaqdı. Portuqaliya isə birinciliyin ən yaxşı oyun göstərən komandalarındandı və medallara namizəddi.
 

- Ancaq onlara qarşı da oynamaq mümkündü…
- Əlbəttə, onlara qarşı da oynamaq, mərhələ adlamağa imkan verəcək nəticəni əldə etmək olar. Statistikaya baxdıqda hər dəfə onların bizi mübarizədən kənarlaşdırdığını görərik. Son belə duel dünya çempionatının 1/4 final mərhələsində baş tutub. Məncə, artıq bu uğursuz sindroma son qoymağın zamanı çatıb. Bu dəfə uğur tərəfimizdə olmalıdı. Komandamız yaxşı çıxış edir. Uşaqlarda özünəinam yüksəkdi. Bu inamın nəticəsini meydanda görürük. Artıq heç bir rəqibin adından çəkinmək yoxdu.


- Çempionatda qeydə alınan nəticələr, eləcə də təşkilatçılıqla bağlı qeyd etmək istədiyiniz məqamlar varmı?
- Millimiz artıq beşinci dəfədi ki, bu yarışda iştirak edir. Elə mən də komandamızın iştirak sayı qədər final mərhələsini izləyirəm. Macarıstandan tutmuş Xorvatiya, Belçika və Serbiyada da millimizi tək buraxmamışam. Təşkilatçılıq yüksək səviyyədədi. Nəticələrə gəldikdə, sensasiyalar qeydə alınıb. İtaliya kimi favorit komanda 1/4 finala yüksələ bilmədi. Halbuki 4 il əvvəl onlar Avropanın ən güclüsü olmuşdular. Ümumiyyətlə, matçlara baxıram, artıq bütün komandalar futzal oynamağı bacarır. Kiməsə zəif komanda gözü ilə baxmaq mümkün deyil. Fransa ilk dəfə qatılmasına baxmayaraq, yaxşı mənada yaddaşlarda qaldı. Bu gün final mərhələsindəki iştirakçı komandaların səviyyəsi bir-birinə çox yaxındı. Azarkeş marağı da hər il artır. 
 

- Hazırkı çempionatda hansı komandanı favorit hesab edirsiniz?
- Təbii ki, ilk növbədə yığma komandamızın uğur qazanmasını çox istəyirəm. Aşkar favorit qismində İspaniyanı görürəm. Rusiya niyə qrup mərhələsindəki oyunlarını zəif keçirir, bilmirəm. Bəlkə də, baş məşqçiləri “kart”larını gizli saxlayır? Halbuki qrup mərhələsini ikinci pillədə başa vurdular. Mən isə onların o qrupdan lider kimi yüksələcəklərini gözləyirdim. İspanlarla qrupda oynamağımızın yaxşı tərəfi odu ki, bu rəqiblə bir də finalda qarşılaşa bilərik.
 

- Bəs milli komandamızın finalçı olmaq şansını nə dərəcədə real hesab edirsiniz?
- Portuqaliyanı mübarizədən kənarlaşdıra bilərik. Başa düşürəm, rəqibimiz yaxşı komandadı. Amma bizim də güclü heyətimiz, ağıllı baş məşqçimiz var. Alesio onları “vurmaq” üçün “silah” tapacaq. İspanları necə büdrətməyə yaxın olduq, baş məşqçi növbəti matç üçün də xeyirli variantlar fikirləşəcək. Yarımfinala yüksələcəyimizə inanıram.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right