"Qarabağ"la oyun gərgin olacaq" Cavid Hüseynov

"Qəbələ"nin kapitanı, milli komandamızın futbolçusu Cavid Hüseynov Antalyaya ezam olunmuş əməkdaşımıza müsahibə verib. Türkiyədəki təlim-məşq toplanışı haqda danışan yarımmüdafiəçi, millimizin Moldova ilə yoxlama görüşü haqda da suallarımıza cavab verib.
 
- İlk olaraq "Qəbələ"nin toplanışı barədə danışardın...
- Toplanışımızın son günləridir. Bir yoxlama matçımız qalıb. Yaxşı qiymətləndirirəm. Taktiki və fiziki cəhətdən yaxşı hazılrşadıq. Çempionata 80 faiz hazırıq.
 
- Qış fasiləsindən sonra “Qəbələ”dən nə gözləmək olar?
- “Qəbələ” hər zaman iddialı komandadır. Yenə birinciliyə can atacağıq. Nələr yaşanacağını bilmirik. Amma hədəfimiz 1-ci pilləyə oynamaqdır.
 
- Komandada ab-hava necədir?
- Hər şey əladır. Bizik kolloektiv mehribandır. Münasibətlərimiz çox gözəldir. Bu cəhətdən sıxıntı yoxdur.
 
- Millimizlə bağlı sual vermək istəyirəm. Moldova ilə matç yeni ildə ilk oyunumuz oldu. Bu barədə təəssüratların maraqlıdır...
- Onu vurğulayım ki, Moldova çox qapalı oyun nümayiş etdirir. Əks-hücumlarda bizi yaxalamaq istəyirdilər. Belə komandalara qarşı oynamaq isə çətin olur. Dünəndən mətbuatı izləyirəm. Rəqib komandanın baş məşqçisi və futbolçuları elə açıqlamalar veriblər ki, sanki qeyri-adi futbol nümayiş etdiriblər. Ya da üzərimizdə 10:0 hesablı qələbə qazanıblar. Biz qələbə çalsaydıq da, deyəcəkdik ki, çatışmayan cəhətlərimiz var və üzərimizdə çalışmalıyıq. Ancaq rəqib sanki bizi məğlub etmiş kimi açıqlamalar verib. Düzdür, qol epizodlar bizdən çox oldu. Sıxıcı futbol oldu. Biz topa nəzarət etməklə boşluqlar axtarırdıq. Moldova isə müdafiədə oturmuşdu. Əks-hücumda nə bacarsalar, onu da edəcəkdilər. Mən bu cür futbolu bəyənmirəm. Amma onların öz məşqçiləri var. Öz sistemləri var.
 
- Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununu keçirdin. Bu mütəxəssis barədə və onun oyun fəlsəfəsi haqda fikirlərin necədir?
- Mənim bu haqda nəsə danışmağım artıq olar. Qurban müəllimin sistemi sübut olunub. Özünü “Qarabağ”da təsdiq edib. Maşallah, komandası haralara qədər gedib çıxıb. Nəsə danışmaq artıq olar. Onun sistemini bəyənirəm. Paslarla oynamağı sevən məşqçidir. Ondan öyrənəcəyimiz çox şey var. 
 
- Qurban Qurbanov gördüyün digər məşqçilərlərlə fərqlənir?
- Bəli, fərqlənir. Çox komponentlərdə fərqlidir. Hər şey demək istəmirəm. Elə şeylər var ki, onu mətbuata açıqlama düzgün deyil. Oyun taktikasını, düşüncəsini götürsək, çox fərqlidir. Qurban müəllim xoşlayır ki, topa nəzarətə üstünlük verir.
 
- Millinin düşərgəsində çox ciddi ab-hava var. Amma başqa məşqçilər olanda ən azı zarafatlar olardı. İndi bu, qıraqdan müşahidə olunmur...
- Qurban müəllimin ilk gündən tələbi bizdən olub ki, nizam-intizam olub. Ən çox bunun üzərində dayanıb. Uşaqlar da məşqçinin sözlərinə riayət edirlər.
 
- Moldova ilə oyunun çətin olduğunu və rəqibin əks-hücumlarda oynadığını dedin. Nəzərə alaq ki, Millətlər Liqasında da bu tip komandalara qarşı oynayacağıq. Səncə, bu, millimizin işini çətinləşdirəcək, yoxsa xeyrinə işləyən amil olacaq?
- Bu barədə nəsə deyə bilmərəm. Açıq futbolu sevirəm. Qorxaq futboldan xoşum gəlmir. Hər kəs öz heyətinə, səviyyəsinə uyğun oynayır. Rəqibləri də qınamaq olmaz. Çətin olacaq.
 
- Daha çox sol cinah yarımmüdafiəçisi kimi oynayırsan. Yığmada isə mərkəz sənə həvalə edilmişdi. Bu mövqeydə sıxılmırdın?
- Xeyr, sıxılmırdım. Rəqibin oynadığı sxemə görə məcbur şəkildə ortaya gəlirdim. Həmin mövqedə top almaq mənə tapşırılmışdı. Sadəcə, sıxlıq çox idi.
 
- Qış fasiləsindən sonra ilk oyun “Qarabağ”ladır. Bu matç 6 xallıq görüşdür. Udsaz, fərq 3 xala bərabər olacaq. Əgər məğlub olsaz, xal fərqi 9-a yüksələcək...
- Heyətdə dəyişiklik yoxdur. Həm xeyrimizə ola bilər, həm də əleyhimizə. İlk oyun hər zaman çətin olur. Oyundan-oyuna komanda açılır. İndi nəsə demək çətindir. Düşünürəm ki, gərgin və maraqlı oyun olacaq.
 
- Millidə 90 dəqiqə oynadın. Hiss olunur ki, Qurban Qurbanovun güvənini qazanmısan. Səninlə fərdi söhbət edib?
- Olub belə söhbət. Tapşırıqlar verib. Bizə güvəndiyini və inandığını deyib. Millini yaxşı səviyyəyə gətirmək bizim borcumuzdur. Qurban müəllim də ətrafına tanıdığı şəxsləri gətirib. Bizə hər şeyi çatdırıb. Uğur qazanmaq istəyirik.
 
Mərdan HƏSƏNOV / Antalya




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right