Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı davam etdirən “Qəbələ” bu gün yoxlama oyununa çıxıb. Bölgə təmsilçisi Görüşdə Çexiyanın “Bohemians” klubuna 1:3 hesabıyla uduzub.
Newsport.az-ın Antalyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, oyundan sonra media nümayəndələri önünə çıxan “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.
- Oyundan razı qaldım. Komandamı yoxlaya bildiyimə görə razıyam. Əlbəttə, bizim üçün yaxşı təcrübə oldu. Hazırda mövcud durumla və komadamla bağlı xeyli lazımlı məlumatım oldu.
- Ancaq sizin reaksiyalarınızdan görünürdü ki, narazısız...
- Məni razı salmayan məqamlar oldu. Lakin məncə bunu şişirtməyə dəyməz. Narazı qaldığım epizodların çoxu fərdi səhvlər idi ki, bu səhvləri də analiz edib, onların üzərində çalışacağıq. Əsas olan odur ki, çatışmayan cəhətləri görə bildik.
- Komandanı həm fiziki, həm də psixoloji cəhətdən mövsümün ikinci yarısına hazır sayırsız?
- Yaxşı təlim-məşq toplanışı keçmişik. Toplanışın sonuna çox az qalıb. Məncə, biz bu dövr ərzində çox yaxşı işlər gördük. Amma bəzi şeylər var ki, onları düzəltmək lazımdı. Ancaq bizim bu çatışmazlıqları düzəltmək üçün çox az vaxtımız qalıb. Mənfi saya biləcəyimiz çox az məqam var.
- Yeni transferlər gözlənilirmi?
- Yeni transfer etmək istəyirik. Bunun üçün çalışırıq. Ancaq yaxşı transfer etməyə çalışacağıq. Düzü, bunun üçün də çox az vaxtımız qalıb. Ancaq əlimizdən gələni edəcəyik ki, bu, alınsın. Alınmasa, indiki heyətlə yolumuza davam edəcəyik. Fevralın 9-na kimi vaxtımız var.
- Hücumçu transfer etmək istəyirsiz?
- Hücuma kömək edəcək futbolçu transfer etmək istəyirik.
- Bu gün oyunun 30-cu dəqiqəsində Qismət Alıyevin əvəzinə Hacıağa Hacıyevə şans verdiz...
- Bunun səbəbi komandadakı hər gənc oyunçuya 30 dəqiqə şans vermək istəməyim idi. Yəni bu, əvvəlcədən planlaşdırılmışdı. Əvəzləmənin Qismətin oyunu ilə heç bir əlaqəsi yoxdu.
- Dünən millinin oyununa baxdınızmı? Baxmısızsa, “Qəbələ”nin yığmadakı futbolçularının oyununu necə dəyərləndirərdiz?
- Yox, oyunu izləmədim. Çünki 2 saat vaxtımı Moldova ilə yoxlama oyununa baxmağa sərf etmək istəmədim. Daha vacib işlərim var idi.
- Komandanı çempionatın ikinci yarısına hazır sayırsızmı? Nəzərə alaq ki, ilk oyun “Qarabağ”a qarşı olacaq. Komanda buna psixoloji cəhətdən hazırdımı?
- (gülür) Artıq ikinci dəfədi psixologiya ilə bağlı sual verirsiz. Yəni biz o qədər psixoloji hazırlıqsız görünürük? Əksinə, komanda psixoloji cəhətdən çox yaxşı vəziyyətdədi. Bu təlim-məşq toplanışında da uşaqların çox rahat olması üçün çalışdıq. O ki qaldı “Qarabağ”la oyuna, bu matç barədə danışmaq üçün məncə, hələ çox tezdi. Bizi qarşıda daha bir yoxlama oyunu gözləyir. Komandanın psixoloji hazırlığı isə tam qaydasındadı.