U-17 Liqası: Qurban Qurbanovun oğlu "poker" etdi

Dünən «Bakcell U-17 Liqası»nda 18-ci turun 5 oyunu keçirildi. Turun mərkəzi qarşılaşması olan «Kəpəz» - «Səbail» qarşılaşması baş tutmadı. Səbəb oyunun keçirilməli olduğu Gəncə şəhəri TİM-nin meydanının yağış səbəbindən bərbad duruma düşməsidir. Baş tutan oyunların 3-də darmadağın qeydə alındı. Ümumiyyətlə, tur sensasiyasız başa çatdı.

 

«Keşlə» - «Xəzər Lənkəran» 9:0

Oyunun meydan sahiblərinin xeyirinə başa çatacağı gözlənilən idi. Amma hesabın «Xəzər Lənkəran» üçün bu qədər faciəvi olacağını inandırıcı deyildi.

Oyunda hesab erkən açıldı. Artıq, 4-cü dəqiqədə Uğur Cahangirov penaltidən fərqləndi. 2 dəqiqə sonra Uğur özünün və komandasının 2-ci qolunu vurdu. Bu, onun son qolu olmadı. 21-ci dəqiqədə Cavid Əliyevin fərqlənməsindən sonra Uğur 37 və 44-cü dəqiqələrdə də qonaqları məyus etməklə «poker»ə imza atdı.

İkinci hissə də «Keşlə»nin tam üstünlüyü şəraitində keçdi. Ceyhun Nuriyev (49-cu dəqiqə), Şahmar  Cəfərli (65), Fərhad Əliyev (83) və Fərid Muxtarov (86) adlarını qol vuranların siyahısına yazdıra bildilər. Yeri gəlmişkən, Şahmar və Fəridin 2002-ci il təvəllüdlü olduğunu qeyd etmək yerinə düşər.

Ümumiyyətlə, «Xəzər Lənkəran»da heyətin əsasən 2003 və 2004-cü il təvəllüdlü futbolçulardan qurulduğunu deməliyik. Yaş fərqinə baxmayaraq, Ağadadaş Həmidovun komandası pis təsir bağışlamadı. Bu komanda U-16 Liqasında çıxış etsəydi, yəqin ki, medalçılar sırasına rahat düşə bilərdi. Bəlkə də bu üzdən idi ki, «Keşlə»nin baş məşqçisi Nadir Əliyev nisbətən zəif rəqiblə oyunda akademiyanın U-15 komandasının 2 üzvünə özlərini göstərmək, və U-17 Liqasını «dadmaq» üçün şans verdi.

 

«Neftçi» İK İB – «Neftçi» 0:7

Daha bir darmadağın Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda qeydə alındı. Adaşların mübarizəsində «Neftçi» PFK qalib gəldi. Müşviq Qənbərovun komandasından qolları İsmayıl Zülfüqarlı (26-cı dəqiqə), Mehdi Tahirov (34), Vüsal Əsgərov (36, 57), İlkin Əbiyev (43), Nicat Musayev (47) və İbad Məmmədov (70) vurdular. Vüsal Əsgərov 2 qolla yanaşı 3 məhsuldar ötürmə ilə də komandasının qələbəsində əsas pay sahibi oldu.

Bu, yeni ildə «Neftçi»nin Müşviq Qənbərovun rəhbərliyi altında 2-ci qələbəsi oldu. Növbəti turda «Neftçi»ni «Keşlə» ilə çətin oyun gözləyir. Komandanın hansı vəziyyətdə olduğunu məhz «Keşlə» ilə qarşılaşmadan sonra bilmək olacaq.

 

«Mil Muğan» - «Ağsu» 0:7

Eyni ssenari İmişlidə oldu. Çempionatın autsayderi «Mil Muğan»ın qonağı olan «Ağsu» özünü qonaq kimi aparmadı. Meydan sahiblərini 7 dəfə məyus edən «Ağsu» «Neftçi» İK İB ilə xal fərqini 2-ə endirdi. Növbəti tur ağsuluların elə həmin komandanı qəbul edəcəyini nəzərə alsaq, onların qələbə sayəsində 1 pillə irəliləmələrini ehtimal etmək olar. Təəssüf ki, bu oyunda vurulan qolların dəqiqələri və müəllifləri barədə məlumatı vaxtında əldə edə bilmədik.

 

«Sumqayıt» - «Qarabağ» 0:5

Daha bir böyükhesablı qələbəni «Sumqayıt» qazandı. Doğrudur, «Kapitalbank Arena»da keçirilən qarşılaşmada Keşlə, İmişli və Lökbatandakı oyunlarda olduğu qədər çox qol vurulmadı. Amma bir komandanın qapısına 5 qol da az deyil.

Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Topa nəzarətin 50/50-ə olduğu 25-ci dəqiqəyə kimi hansı komandanın qalib gələcəyini proqnozlaşdırmaq çətin idi. Vəziyyət «Sumqayıt» üçün elə həmin 25-cı dəqiqədən sonra dəyişdi. «Qarabağ»lı Bilal Hüseynovun cinahdan qapı önünə etdiyi asmanı Niko Sakalaşvili qəbul edərək Musa Qurbanlıya ötürdü. Millimizin baş məşqçisi Qurban Qurbanovun oğlu əlinə düşən imkanı boşa vermədi. Yeri gəlmişkən, bu, Musanın oyun ərzində son qolu olmadı.

Hissənin son dəqiqəsində Musa Bilanın fərqlənməsinə şərait yaratdı – 0:2. İkinci hissənin 5-ci dəqiqəsində Bilal Musaya olan «borc»unu qaytardı. Belə ki, meydan sahibləri özlərinə aid cərimə meydançası daxilində Hüseynova qarşı kobud oynadılar və Qurbanlı hakimin təyin etdiyi penaltini qola çevirdi. Buraxılan 3-cü qoldan sonra ruhdan düşən «Sumqayıt» qalan vaxt ərzində daha 2 dəfə qapısında qol gördü. 60-cı dəqiqədə Novruz Hüseynovdan ötürmə alan Musa bir də 70-cə dəqiqədə qapıçıdan qayıdan topu qapıdan keçirməklə «Keşlə»li Uğur Cahangirov kimi «poker»ə imza atdı. Qələbə sayəsində İlyas Qurbanovun komandası 2-ci yerdəki mövqeyini qoruya bildi. «Qarabağ»ın «Keşlə» ilə eyni xalı olsa da, «eks-bankirlər»i vurulub-buraxılan topların göstəricisinə görə qabaqlayır.

0:5 hesablı məğlubiyyətə baxmayaraq, «Sumqayıt» da oyun ərzində bir neçə epizodda qol vura bilərdi. Təkcə 1-ci hissədə İbrahim Novruzov əlinə düşən yüz faizili qol imkanından istifadə etsəydi, bəlkə də komanda yoldaşları və baş məşqçi Vüqar Quliyev bu qədər üzülməzdilər.

«Qəbələ» - «Zirə» 3:1

Nəhayət, turun ən maraqlı qarşılaşması Qəbələ şəhər stadionunda keçirildi. Liderin turnir cədvəlinin ekvatorunda qərarlaşan «Zirə» ilə oyunda xallar itirəcəyi inandırıcı deyildi. Hər halda sensasiyaya ümid etmək olardı. Amma bu, baş vermədi.

Artıq, 8-ci dəqiqədə Famil Xəlilovun komandası qələbə iddiasını ortaya qoydu. Rüfət Əhmədovun cinah ötürməsini Nicat Əliyev bir toxunuşla «Zirə»nin qapısından keçirdi. 39-cu dəqiqədə bu dəfə Nicat assistent rolunda çıxış etdi. O, İbrahim Camalovun qol vurmasına şərait yaratdı – 2:0. İlk hissə bu hesabla başa çatdı. Fasilədən sonra isə tərəflər hərəyə bir dəfə fərqləndilər. 50-ci dəqiqədə Hüseyn Mürsəlovdan ideal ötürmə alan İbrahim akrobatik tullanışla gözəl qol vurdu. «Zirə»li Seyxan Fərəcovun 90+1-ci dəqiqədə penaltidən vurduğu qol isə matçın yekun nəticəsini müəyyənləşdirdi.

Bombardir: Nicat Musayev («Neftçi») – 20 qol.

U-17 Liqasında 19-cu turun oyunları fevralın 5-də keçiriləcək: «Sumqayıt» - «Kəpəz», «Qarabağ» - «Qəbələ», «Zirə» - «Mil Muğan», «Ağsu» - «Neftçi» İK İB, «Neftçi» - «Keşlə», «Xəzər Lənkəran» - «Səbail». Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.

«Het-trik news» və sportinfo.az saytının birgə layihəsi





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right