Newsport.az saytı həmin müsahibəni təqdim edir:
- Millidə yeni dövr başlayır. Nə gözləyirsiz yığma komandadan?
- Millətlər Liqası bizim üçün yeni imkanlar, şanslar yaradır. Artıq rəqiblərimiz də bəllidi. Bəziləri ilə yaxın keçmişdə oynamışıq, tanış komandalardı. Artıq sabah ilk yoxlama oyunu keçirəcəyik. Əsas məqsəd futbolçuları yoxlamaqdı. Martda ikinci sınaq matçımız da olacaq. Mayın sonu və iyunun əvvəlində fürsətdən yararlanıb bir neçə oyun yenə keçirəcəyik.
- Kosovo ilə oyun alınmadı, onun əvəzinə vaxt az olsa da, başqa komanda axtarışı varmı?
- Püşkdən sonra baş məşqçi ilə məsləhətləşib oyunu keçirməməyi qərara aldıq. Yeni komanda tapmaq olardı, amma milli komanda olmadığı üçün razılaşmadıq.
- Kosovo ilə səfər oyunu hansısa diplomatik problemlər yaratmayacaq?
- Kosovo idman qurumu olaraq BOK, FİFA və UEFA üzvü olaraq artıq Azərbaycana səfər edib. Onların U-21 komandası da Bakıya gəlib. Bu addımı atmamışdan qabaq Xarici İşlər Nazirliyi ilə dəqiqləşdirdik və UEFA-ya bildirdik. Oyundan öncə bir daha XİN ilə məsləhətləşəcəyik, düşünürəm ki, bir problem olmayacaq.
- Bir neçə baş məşqçi ilə çalışmısınız. Yeni təyinat millidəki ab-hava baxımından hansısa dəyişiklik yaradıbmı?
- Bundan əvvəlki iki əcnəbi baş məşqçi ilə işlədik. Bura gələnə qədər onları tanımırdıq. Amma Qurban müəllimi 10 ildir ki, yaxından tanıyırıq. Əvvəl də futbolçu kimi azarkeşlik edirdik. İndi bilirəm ki, sürprizlər olmayacaq. Əcnəbilərlə həmişə hansısa gözlənilməzlik olurdu. Əsas məsələ uzunmüddətli düşünməkdi və bütün yaş qrupları üzrə yığmaların eyni sistemlə oynamasıdır.
- Millətlər Liqasındakı qrupa baxarkən futbol ictimaiyyəti düşünür ki, bu qrupdan mütləq çıxmalıyıq. Baş katib olaraq siz nə düşünürsüz?
- Məqsədimiz qrupda birinci yer tutub, növbəti mərhələyə vəsiqə qazanmaqdır. Öz üzərlərində yaxşı işləsələr, bunu qaşşılarına məqsəd qoysalar, istənilən nəticəni əldə edərlər. Bu mümkündür. Rəqiblərin bəzilərini yaxşı tanıyırıq. Bəzisi isə bizim üçün sirli qutudur. Məsələn, Farer adaları yığması son zamanlar sürpriz nəticələri ilə Avropanı təəccübləndirir. Kosovo isə yeni bir federasiyadır. Onlar haqda məlumatımız azdır. Bununla belə düşünürəm ki, qrupda birinci yeri tutmağa qadirik.
- DÇ-2018-ə AFFA “Niyə də yox?!” şüarı ilə başlamışdı. Bu dəfəki şüarınız necə olacaq?
- Bu barədə düşünürük. İstəyirik ki, maraqlı bir şüar olsun. Hal-hazırda marketinq şöbəmiz bununla məşğul olur. “Niyə də yox” ölkədə çox məşhur oldu. İnsanlar müxtəlif növ mövzularda bundan istifadə etməyə başladılar. Sevindirici haldır. Seçmə mərhələnin sonlarında uğursuzluqlar olduğundan, şüar bir qədər komik format aldı. Əslində marketinq baxımından əsas məqsəd o idi ki, milli komandanın şüarı məşhur olsun. O da oldu. Sizin də fikriniz olsa, təklif edə bilərsiniz.
- Qeyd etdiniz ki, Farer adaları Avropada sürpriz nəticələrə imza atıb, Kosovodan çəkinirlər. Bəs bizdə nə çatışmayıb ki, Avropada Azərbaycandan da çəkinsinlər?
- Əslində bəzi beynəlxalq mətbuatda komandamızı favorit kimi görürlər. Kosovo millisinin baş məşqçisi və futbolçusunun fikirlərini oxudum. Onlar bizə əsas rəqib kimi baxırlar. Sürprizlər etmişik. Komandamız bəzi oyunlarda inamlı təsir bağışladı və yaxşı nəticələr qazandı. Bəzi çətin səfər oyunlarında 1 xal əldə etdik. Bütün bunlar bizə Millətlər Liqasına pozitiv baxmaq üçün əsas verir.
- Əvvəlki məşqçilərin AFFA-dan tələbləri çox idi, yoxsa Qurban Qurbanovun?
- Elə də böyük fərq yoxdur. Məşqçilər ilk gündən öz tələblərini bildirirlər. Biz də buna baxırıq, demək olar ki, 99 faiz onların istəklərini qarşılayırıq. Qurban müəllim də peşəkar mütəxəssis kimi öz tələb və arzularını bizə bildirdi. Mütəmadi olaraq, onunla görüşüb, danışırıq. Əsas odur ki, standart var. Sevinirəm ki, hansısa azərbaycanlı məşqçinin bu cür yüksək standartları var.
- Hər zaman ictimaiyyət arasında belə bir fikir olub ki, AFFA yerli məşqçilərə şərait yaratmayıb. Qurban Qurbanovun dövründə AFFA-nın büdcəsində azalma olmayacaq?
-Biz artıq 2018-ci ilin büdcəsini daxildə müzakirə edib, AFFA prezidentinə təqdim etmişik. Dəyişiklik yoxdur, rəqəmlər eynidir. Təlim-məşq toplanışına xaricdə başlamışıqsa, o deməkdir ki, dəyişiklik yoxdur. Bu günə qədər Berti Foqts və Robert Prosineçki ilə işləmişəm. Hər şey baş məşqçinin özündən asılıdır. Şahin Diniyevi nəzərdə tutursunuzsa, onu müqayisə edə bilmərəm. Çünki Diniyevlə 1 ay işlədim. Əminliklə deyə bilərəm ki, heç bir fərq qoyulmur. Yerli məşqçi hansısa standart tətbiq etmək istəyirsə, tələb edəcək və işəgötürən onu mütləq icra etməlidir. Çünki biz də istəyirik ki, nəticə olsun.
- Millətlər Liqasında Ermənistanla qarşılaşmağımızı istərdinizmi?
- Bu, problemli oyundur. Püşkatmanın qaydalarına əsasən, Ermənistanla eyni qrupa düşə bilməzdik. Amma növbəti mərhələlərdə qarşılaşa bilərik. Orada ev-səfər məsələsi var. Artıq UEFA-dan bizə şifahi şəkildə bildirilib ki, növbəti mərhələdə görüşsək, UEFA-nın bununla bağlı xüsusi qərarı olacaq. Bu, daha çox təşkilati baxımdan problemli oyundur. Neytral meydançada belə olsa, qapılar bağlı olmalıdır. Çünki azarkeşlər dünyanın istənilən yerinə gedə bilirlər. Bundan başqa, sponsor, canlı yayım problemləri olur.
- Bəs oyun baxımından, sizcə, kim güclü olacaq?
- Bu, artıq meydançada görünəcək. Futbolda hər şey ola bilər. Gəlin, əvvəlcə qrupda birinci yeri tutaq, sonra o biri məsələlərə baxarıq.
Həsənov Mərdan, Antalya