Azərbaycan Millisi Antalyada hazırlıqları davam etdirir.
Newsport.az xəbər verir ki, Moldova ilə oyun qabağı Antalyaya ezam olunmuş əməkdaşımızın suallarını cavablandıran Qurban Qurbanov bunları bildirib:
-Klub ilə yığma arasında, hər hansı bir fərq varmı?
-Əlbətdə ki, fərq var. Hamı başa düşür ki, bu milli komandadır. Klubda hər gün demək olar bir yerdə oluruq. Burada isə ab-hava tamam başqadır. Məsuliyyət çox böyükdür. Bunu hamı anlayır, həmçinin mən özüm də.
-Psixoloji hazırlıq bu gün çox önəmlidir. “Neftçi”nin futbolçuları var, hansı ki, beş oyunu dalbadal uduzublar. Onlarla hər hansı bir söhbətiniz olubmu?
-Bu gün futbolçulardan tam istədiyimiz oyunu tələb etmək bir az düzgün çıxmaz. Klublara gəldikdə isə, hər kəsin hazırlıq prosesi tamam fərqlidir. Düzdür, yoxlama oyununda məğlub olmaq elə də önəmli olmasa da, bir şey var ki, baş məşqçi, komanda məğlub olsa belə, öz istədiyini futbolçulardan ala bildimi? Bax bunlar çox önəmlidir. Psixoloji vəziyyət düşünürəm çox təsir etməz. Lakin fiziki durumları önəmlidir. Çünki, “Neftçi” iki oyun dalbadal görüş keçirib. Futbolçuların zədə alma ehtimalı ola bilər. Ancaq uşaqların hər birini tanıyırıq və inanıram ki, bunun öhtəsindən gələcəyik.
-Sabahki oyunda nəticə nə dərəcədə vacibdir? Ümumiyyətlə nəticəyə önəm verəcəksiniz?
-Nəticə mütləqdir. Çox istərdik ki, ilk oyunumuzdan uğurlu nəticə əldə edək. Ancaq hal-hazırda bir oyun bizim üçün çox azdır. Lakin nəticəyə mütləq önəm verəcəyik. Mənim üçün vacib olan oyuna kimi düşündüklərimizi meydanda göstərməkdir. Ola bilər Moldova yığmasının fiziki hazırlığı daha yaxşıdır. Çünki iki gün əvvəl Cənubi Koreya millisi ilə yoxlama görüşü keçiriblər. Üstünlükləri o ola bilər ki, bir oyun, ən azı bir yerdə oynayıblar. Dediyim kimi, futbolçuların meydanda düşünməsi və istəyi mənim üçün çopx vacib olacaq. Bir oyunla həll olunmur hər şey. Komandanı daha yaxşı hazırlamaq və onların birliyini gücləndirməliyik. Milliyə dəvət alınan futbolçular hər biri peşəkardır və nəticəyə oynamağı bacarmalıdırlar.
-Sizi “Qarabağ”da çatışmamazlıqlar olduqda əvəz edən məşqçi kimi görmüşük. Millidə də bu kimi hallar olacaqmı?
-Hal-hazırda ona ehtiyac yoxdur. Çox istərdim bütün futbolçular meydanda olsun. Amma elə mövqeylər var ki, bir hissə oynayacaqlar, elələri də var ki, oyunun gedişatına baxacayıq.
-Deyirsiniz ki, bir oyun bizim üçün azdır. Dəfələrlə görmüşük ki, millimiz klublarla qarşılaşıb. Olmazmı ki, burada hazırlıqda olan güclü klublardan biri ilə yoxlama görüşü keçirək?
-Əvvəl bilirsiniz ki, iki oyunum var idi. Lakin mən çox istərdim ki, milli səviyyəsində olsun. Çünki, klub səviyyəsində oynamaq istəmirəm. Düzdür, son anda lazım olsa buna da gedərəm. Ancaq istəyirəm futbolçularım özlərini milli komanda səviyyəsinə hazırlasınlar. Düşünmürəm ki, biz hər hansı bir kluba qarşı oynasaydıq fayda götürərdik.
-Sabahki oyunda ola bilərmi ki, əvəzetmələrdə limit olsun? Bu haqda Moldova millisi ilə danışmısınızmı?
-Onu sabah yerində həll edəcəyik.
-Məlumdur ki, Rəşad yoxdur və Bədavi də zədəlidir. Bu mövqedə kimi oynatmağı düşünürsünüz?
-Böyük ehtimalla Maksim Medvedyevi oynadacam.
-Bu yaxınlarda millinin əsas heyətini açıqladınız. Həmin heyətdə Amil Yunanov və Bəxtiyar Həsənəlizadənin yer almaması böyük maraq doğurdu. Bu, haqda nə deyə bilərsiniz?
-Yox, deməzdim hər hansı bir səbəb var. Açığı, təkcə o ikisi yox, digər futbolçular da var ki, nəzərimizdədirlər. Məncə, narahatçılıq olmalı deyil. Çünki bu günlə heç nə bitmir. Hələ qarşıda çox oyunlarımız olacaq. Hamısını çağırıb toplasaq və sonra meydana buraxmasaq doğru çıxmaz. Milliyə dəvət olunmamaq o, demək deyil ki, biz kimisə izləmirik və maraqlanmırıq. Nəzərimizdə bir çox oyunçu var.
-Əsas heyətdə yeganə legioner həyatı yaşayan Pavel Paşayevin hazırlıq durumu nə yerdədir?
-Normaldır. O da dünən komandaya qoşulub və məşqlərə başlayıb. Ümumən götürdükdə isə hər bir futbolçuda çatışmamazlıqlar olur. Mən hal-hazırda sizə deyə bilmərəm ki, çox yaxşıdır və yaxud da pisdir.
-Kamran Ağayevlə danışmaq istəyirdik və məlum oldu ki, xəstədir. Vəziyyəti nə yerdədir? Sabah oynayır?
-Yəqin ki, sabah bilinəcək. Çünki, dünən də qızdırması var idi.
-Bu sizin debüt matçınızdır. Bunu nəzərə alsaq, futbolçuların hər biri ilə fərdi danışığınız olubmu?
-Hamı ilə fərdi danışmamışam. Lakin danışdığım oyunçular olub. Hər bir futbolçuyla da ayrı-ayrılıqda söhbətlərimiz olacaq.
-“Qarabağ” da oyun keçirəcək. Həmin görüşün start heyətini özününz hazırlayacaqsınız? Yoxsa bunu Rəşad Sadıqovun öhtəsinə buraxmısınız?
-“Qarabağ”a və Rəşad Sadıqova uğurlar arzu edirəm. (Gülür)
-Millinin heyətində yenisiniz. Sizcə dəyişiləsi çox şeymi var? Ab-hava olaraq və davranış qaydaları baxımından..
-Açığı desək, əvvəlki heyətin içində olmamışam. Ancaq həmişə Robertlə danışığımız olduğunda, futbolçulardan razı qaldığını bildirib. Lakin daha yaxşı nəticələr əldə etmək üçün çox çalışmalıyıq.
Həsənov Mərdan, Antalya