"Bu yaşımda ehtiyatda oturmaq istəmirəm" - Orxan Sadıqlı MÜSAHİBƏ

Paytaxtın “Keşlə” klubu Trükiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Klubun qolkiperi Orxan Sadıqlı newsport.az-ın Antalyaya ezam olunmuş əmakdaşına müsahibə verib

İlk öncə, komandaya yeni təyin olunmuş baş məşqçi Yuri Maksimov haqda danışan gənc qapıçı bunları bildirib:

- Nə deyim, yeni gəlib. Ona uğurlar arzu edirəm. Yeni transferlərimiz də olub. Uğurlu olacağına ümid edirik. Bizim də istəyimiz odur. Komanda çempionatda yeddinci yerdə gedir. Bir olub, klubu bu vəziyyətdən çıxartmaq lazımdır. Uşaqlarla mülayimdir. Zarafat etməyi xoşlayır. Məşqlər də qaydasında gedir. Qabaqcadan heç nə deyə bilmərəm. Hər şeyi zaman göstərəcək

- Kamran Ağayev yenidən “Keşlə”yə qayıtdı. Bu rəqabət səni qorxutmur ?

- Yox, rəqabət məni niyə qorxutsun? Yenə deyirəm, mənim üçün əsas komandanın qələbə qazanmasıdır. Fərq etməz, Kamran və yaxud da mən.  Əsas odur ki, klub qələbə qazansın. Əslində, Kamranın gəlməyi mənim üçün də yaxşıdır. Çünki məşqlərə daha ciddi şəkildə yanaşacam. Yanında Kamran Ağayev kimi təcrübəli qapıçı olanda daha məsuliyyətli olursan.

- Yaxın günlərdə millinin heyəti açıqlandı. Qurban Qurbanovdan dəvət gözləyirdinmi?

- Milli komanda elə bir yerdir ki, hər bir futbolçu oradan dəvət gözləyir. Biz əsgər kimiyik, dəvət olunmamışıq, inşallah gələcəkdə dəvət olunarıq.

- “Keşlə”də baş verən son hadisələrlə bağlı nə deyə bilərsən?

-O hadisələr olub bitib.  Ancaq komandanın içində ab-hava korlanıb. Medianın xəbərsiz qaldığı bir çox söhbətlər var ki, onları yalnız biz bilirik. Elə biz bilsək, yaxşıdır. Çünki olub-keçib hər şey. İstəməzdim bu vəziyyət yaransın. Uşaqlar da ailəlidirlər. Nə deyim, ümid edirəm onları əhv edərlər. 

- Yenə qayıdaq Kamran Ağayev məsələsinə. Həm milli komanda, həm də klubda onunla rəqabətdəsən. Fikirləşirsənmi ki, onunla bu rəqabətdə qalib gələ biləcəksən?

- Futbol elə bir oyundur ki, istər oyunçu, istərsə də qapıçı cəhətdən kim hazırdırsa, o oynamalıdır. Ən ədalətli qərar da budur. Bu gün milliyə Kamran Ağayev gəlibsə, bunu mən əvvəlcədən bilirdim ki, o, oynayacaq. Klubda da həmçinin. Yenə deyirəm, mənim üçün fərqi yoxdur. Əgər komanda qalib gələcəksə, qoy o, çıxsın meydana. Lakin mənə də şans veriləndə özümü sübut etməyə çalışacam.

- Ehtimal varmı ki, Kamran Ağayev əsas heyətdə möhkəmlənsə, sizin də oyun praktikanız azalsa, komandanı tərk edəsiniz?

- İki yerli komandadan təklif almışdım. Lakin klub rəhbərliyi ilə görüşdüm və Zaur müəllimlə danışığımız oldu. O, məsləhət bildi ki, müqaviləmin sonuna qədər komanda da qalım. Ondan sonra da, yayda elə bir komandaya keçmək istəyirəm ki, milliyə dəvət ala bilim. Çünki millidə oynamaq istəyirəm. Bu yaşımda ehtiyatda oturmaq istəmirəm.

- Təkliflər yerli klublardan idi, ya xarici?

- Yerli klublardan idi. Biri də Türkiyə klubu idi. Lakin o təklif yüz faizlik deyildi.

- İkinci dövrədə “Keşlə”dən nə gözləyirsən? Rəhbərlik qarşınıza hər hansısa bir şərt qoyubmu?

- Komanda da dəyişikliklər olundu, yeni oyunçular gəldi. İnşallah onlar da bizə dəstək olacaqlar. Rəhbərlik bizim qarşımıza çempion olmağı qoyub. Çempionatda nə qədər qələbə qazansaq, o qədər bizim xeyrimizədir. “Keşlə”dən ikinci dövrədə çox şey gözləyirəm. 

- Komandada maddi vəziyyət necədir komandada?

- Əvvəllər sıxıntılar var idi. Hal-hazırda isə bütün maaşlarımızı almışıq. Yəni 2017-ci ildən komandaya borcları yoxdur.  Bu il də fevralda vətənə qayıdaq, yanvarın maaşını alacağıq.

Mərdan Həsənov, Antalya





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right